BAYRAQDAR MEDİA – Vətən müharibəsində əldə edilmiş qələbənin 3-cü ildönümü münasibətilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) çalışan şəhid ailə üzvləri və müharibə iştirakçıları ilə görüş keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 8-də qurumdan məlumat verilib.
Bildirilib ki, “tədbir Dövlət Himninin səsləndirilməsi, şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov açaraq, görüş iştirakçılarını tarixi qələbəmizin növbəti ildönümü – Zəfər Günü münasibətilə təbrik edib, göstərdikləri fədakarlığa görə şəhid ailələri və müharibə iştirakçılarına dərin minnətdarlığını bildirib. İdarə Heyətinin sədri düşmən üzərində əldə olunan hərbi-siyasi qələbənin Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətinin məntiqi nəticəsi olduğunu vurğulayıb. Z.İbrahimov bu şanlı zəfərin qazanılmasında qüdrətli Azərbaycan əsgəri, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əvəzsiz payı olduğunu diqqətə çatdırıb. O, bu xüsusda QSC-nin Vətən müharibəsində şəhid olmuş əməkdaşları Rauf Əsgərov, Muxtar Qasımlı və digər şəhidlərimizin xatirəsini anaraq, onları dərin hörmət və ehtiramla yad edib”.
Məlumata əsasən, görüşdə Azərbaycan dövləti tərəfidnən şəhid ailələri və müharibə iştirakçılarına göstərilən hərtərəfli diqqət və qayğının təzahürü olaraq Səhmdar Cəmiyyət tərəfindən də müvafiq tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb: “QSC tərəfindən sözügedən kateqoriyaya aid olan şəxslərin müvafiq ixtisas və peşə bacarıqlarına uyğun olaraq işlə təminatına diqqət yetirildiyi qeyd edilib. Bildirilib ki, 10 nəfər 1-ci Qarabağ müharibəsi, 73 nəfər 2-ci Qarabağ müharibəsi iştirakçısı, 15 nəfər şəhid ailəsi üzvü Səhmdar Cəmiyyətdə fəaliyyətə cəlb edilib. Ümumilikdə isə “AzerGold”un fəaliyyəti nəticəsində törəmə və podratçı şirkətlər daxil olmaqla bu günədək 300-ə yaxın müharibə iştirakçısı və şəhid ailəsi üzvünün daimi məşğulluğu təmin olunub”.
Tədbirdə, həmçinin QSC-nin 1-ci və 2-ci Qarabağ müharibələrində iştirak edib, eləcə də şəhid ailəsi üzvü olan əməkdaşları çıxış edərək, 44 günlük Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyəti barədə danışıblar.
Məlumatda deyilir ki, daha sonra tədbir iştirakçılarının Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil edilib. Ekskursiya zamanı iştirakçılara Hərbi Qənimətlər Parkı haqqında məlumat verilib, onlara İkinci Qarabağ müharibəsində düşməndən qənimət kimi götürülən döyüş texnikaları və hərbi sursatlar nümayiş etdirilib.
Sonda əməkdaşlara xatirə hədiyyələri təqdim olunub.