Son yeniləmə: 7 Noyabr 2023 17:00
BAYRAQDAR MEDİA Dövlət Arxivi Şirvan filialının direktoru Nəsibə NƏSİBQIZInın yazısını təqdim edir:
Builki Zəfər Günü öncəki iki ilin Zəfər Günündən daha möhtəşəmdir, tamdır, əbədidir! 20 sentyabr 2023-cü il tarixli lokal antiterror tədbirlərindən sonra Qarabağda suverenliyimiz uzun illərdən bəri nəhayət ki, tam bərpa olundu. Siyasi ekspertlər bunu 3-cü respublikanın formalaşması prosesinin başa çatması kimi şərh etdi…
Bu, bizim uğurdan doğan növbəti uğurumuz, Zəfərdən başlanan yolun Zəfər dayanacağı idi. Bu gün təqvimimizi qara haşiyələrdən xilas edən, qırmızılarla bəzəyən Füzuli, Tərtər, Cəbrayıl, Xocavənd, Zəngilan, Laçın, Şuşa günü – hər kəndimizin, şəhərimizin qurtuluş günləri var. Bütöv Azərbaycan Respublikası var. O Azərbaycan Respublikası ki, Dəmir Yumruq altında birləşən güclü ordusu, müasir texnikası və qolu qüvvətli igid oğulları var.
Bu elə bir Zəfərdir ki, onu bir gün yox, günlərlə qeyd etsək yenə də azdır. Bir bayram ki, hər tərəfi üç rəngli bayrağımız bəzəyər, bir bayram ki, şəhidlərin ruhu şad olar, qazilərimizin yaralarına məlhəm olar, bax, bu əsl bayramdır. Xəyalımızdır, amalımızdır.
Bu il Azərbaycan Respublikasında “Heydər Əliyev ili”dir. Bu il Şuşa təkcə Azərbaycanın yox, Türk dünyasının Mədəniyyət Paytaxtıdır.
Uca dağların zirvəsində al Günəşlə qoşa dayanan Şuşamın döşündə şəhid qanından cücərən xarı-xarı güllər açıb. 30 il “Oyan bülbül, oyan gül” oxuyan xalqım, nəhayət o bülbül də oyanıb. Xanın səsi Qarabağda havalanır. Dünənə qədər Şuşamın bağrına sancılmış keçmiş qondarma rejimin əski parçası haqq etdiyi yeri (ayaq altını) görüb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin 17 noyabr 2020-ci ildə – Fizuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırarkən keçmiş işğalçılara ünvanladığı sözləri xatırlayaq: “Bəs hanı sizin qəhrəmanlığınız? Döşünüzə taxmısınız saxta “qəhrəman” ordenlərini, çıxardın, atın eşiyə o dəmir-dümürləri, sizi biz məğlub etmişik. Paşinyan heç kimdir. Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz məğlub etmişik, sizin ordunuzu məhv etmişik”.
Biz qalib dövlətik. Bizim qalibiyyətimiz qondarma rejimin “qalibiyyəti”nə tay deyil. Biz ədaləti bərpa etmiş, bizim olanı özümüzə qaytarmışıq. Biz ləyaqətli müharibə aparmışıq. Müharibədən sonra da qarşı tərəfi quruculuğa səsləmişik. Ermənistan və havadarları qəbul etsin ki, BMT-nin onilliklər boyu havadan asılı qalan 4 Qətnaməsini Azərbaycan Dəmir Yumruqla yerinə yetirib. Biz Qarabağın erməni sakinləri ilə insanca davrandıq: un göndərdik, yanacaq göndərdik, təhlükəsizliklərinə zəmanət verdik. Onları ayaqyalın, başaçıq qovalamadıq. Bizim bayramımız da, orden-medallarımız da özdür, əzizdir, həqiqidir.
Bu il Azərbaycanın Zəfərini şəhid ata-anaları da bir başqa qürurla qeyd edir. Qazanılan hər bir qalibiyyət, gündən-günə əldə olunan uğur “Oğlumun qanı halal olsun Vətənimizə” söylədir.
Bu gün Azərbaycan və Türkiyə liderlərinin apardığı möhtəşəm Turan siyasəti, türk dövlətlərini bir təşkilat altında birləşdirməsi, türkçülüyün hər iki dövlətin hakim siyasətinə, inteqrasiya ideologiyasına çevrilməsi hər zaman xəyalımız olub.
Biz Vətən müharibəsi modeli ilə Qarabağın azad olunmasını, Ordumuzun zəfər qazanmasını, Türkiyə və Azərbaycanın Şuşa Bəyannaməsi ilə ittifaq dövləti qurmasını, Orta Asiya respublikalarının Türküstan – Turan birliyinə qatılmasını, Güney Azərbaycan siyasətinə (Azərbaycan türklərinin birləşməsi layihəsi) başlanılmasını yaşadıq, gördük.
Oktyabrın 15-də Xankəndidə üçrəngli Bayrağımızın sancılması Cənab Prezidentimiz İlham Əliyevin ardıcıl siyasətinin qətiyyətinin parlaq nəticəsi oldu. Bir daha sübut etdik ki, “Sözümüz imzamız qədər keçərlidir”, “Biz nəyi necə və nə zaman edəcəyimizi çox yaxşı bilirik” kəlamları qüdrətin, siyasi iradənin, beynəlxalq hüquq və milli maraqların birləşdirilməsinin ifadəsidir, realdır.
Bu gün Xocalıda, Xankəndidə, Ağdərədə, Əsgəranda, Kərkicahanda… bizim olan hər yerdə bayrağımız dalğalanır! Müqəddəs bayrağımız onun olan hər yerdə dalğalanacaqdır!
Tarixi ədalətin Zəfəridir bu! Müzəffər Ali Baş komandan İlham Əliyev adıkeçən şəhərlərimizə yeni nəfəs, yeni mədəniyyət bəxş etməkdədir. Artıq o torpaqlarda barış var, insanlıq var, quruculuq var. Bütün bunlar İlham Əliyevin 20 illik prezidentliyinin kamil bəhrəsidir. Prezidentimizin şərəfli andına sadiqliyi əcdadımızın ruhunu şad etməkdədir.
“Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Azadlıq meydanında paradlar çox keçirilib, ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik – Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.” Ali Baş Komandan sözü, Müzəffər lider imzası.
Elimə-obama bayram yaraşır. Yeni-yeni yürüşlər, paradlar addımlayır torpağımda. Bunlar İstiqlaliyyət qədəmli Zəfər addımlarıdır. Yeni-yeni sözlər gəzir xalqımın dilində. Xalqın hisslərini əks etdirən Prezident İlham Əliyevin hər bir sözü, hər bir fikri xalqın dillər əzbəri olub. Yeni-yeni təbriklər yağır Azərbaycanımıza.
…Zəfər Günü ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev qardaş Qazaxıstanın paytaxtı Astanada Türk dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak etdi. Qardaş ölkələrin liderləri Azərbaycan liderini təbrik etdi. Möhtəşəm siyasətin inamlı gələcəyinə eyham vurdu.
Prezidentimizin Astana Zirvəsindəki diqqətçəkən sitatlarından birinə nəzər yetirək: “Biz böyük Türk dünyasının bir hissəsiyik. Əminəm ki, dostluğumuz, qardaşlığımız əbədi olacaq. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da artacaq”.
Bayramımız əsl Bayram, Zəfərimiz əsalətli Zəfərdir!
Ard-arda qazanılan uğurlar bizdə xoş xəbər vərdişi yaratdı. Qulağımız yeni xoş xəbərlər eşitsin, gözümüz Zəngəzur, Göyçə, İrəvan, Təbriz görsün, könlümüz fərəhlə dolsun.
Zəfər Bayramımız qutlu olsun!