BAYRAQDAR MEDİA – Noyabrın 6-da Elm və Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə Laçın şəhərində “Bayraq yürüşü” keçirib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ETN-dən daxil olub.
Xəbərdə bildirilir ki, “2014-cü ildən keçirilən “Bayraq yürüşü” bu il ilk dəfə işğaldan azad edilmiş ərazidə təşkil olunub. Yürüşdə 300-dən çox şəxs iştirak edib. Yürüşün keçirilməsində məqsəd Vətən müharibəsində qazanılmış şanlı qələbəni, Azərbaycan bayrağının daşıdığı milli-mənəvi dəyərləri təbliğ etmək, şəhid və qazilərin tarixi zəfər yolunu uca tutmaqdır. 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Prezidentin xüsusi nümayəndəsi Məsim Məmmədov, Müdafiə Nazirliyinin rəsmiləri, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, Milli Qəhrəman Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova, Şəhid Əlihüseyn Məmmədovun anası, Bakı şəhəri 226 nömrəli tam orta məktəbin direktoru Arzu Məmmədova, hərbçilər, 44 günlük Vətən müharibəsi iştirakçısı olan müəllimlər, media qurumlarının rəhbərləri, idman sahəsində nailiyyətlər əldə edən şəxslər, sertifikatlaşdırmada yüksək bal toplayan müəllimlər, KİV nümayəndələri, şagird və müəllimlər iştirak ediblər. Yürüşün rəsmi tədbir hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib”.
Sonra xəbərdə “açılış nitqi ilə çıxış edən F.Qurbanov yürüşün keçirilməsini qürurverici hadisə olaraq qiymətləndirib. Nazir müavini ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın güclü iqtisadiyyatının formalaşdığını və bütün sahələrdə uğurlu işlərin həyata keçirildiyini vurğulayıb. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ümummilli liderin uğurlu siyasətinin müasir çağırışlara uyğun davam etdirildiyini bildirən F.Qurbanov dövlət başçısının uzaqgörənliyi, cəsarəti və diplomatik səyləri nəticəsində 44 günlük Vətən müharibəsinin qələbə ilə sonlandığını bir daha xatırladıb”.
Daha sonra çıxış edənlər – M.Məmmədov, O.Salmanova, A.Məmmədova Laçında belə bir tədbirin keçirilməsini tarixi hadisə olaraq qiymətləndiriblər. Çıxışlar zamanı tarixi köklərinə bələd vətənpərvər gənclərin yetişdirilməsinin əsas məqsədlərdən olduğu vurğulayıb.
Çıxışlardan sonra muğam ifaçıları Ehtiram Hüseynov, Fehruz Səxavətin, eləcə də şagirdlərin ifasında mahnılar səsləndirilib.
Tədbir yekunlaşdıqdan sonra yürüşə başlanılıb. Laçın şəhəri 2 nömrəli tam orta məktəbdən başlayan yürüş “Seyrangah” adlı ərazidə başa çatıb.