BAYRAQDAR MEDİA – Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən İnstitutdan daxil olub.
Xəbərdə bildirilir ki, “Öncə Azərbaycanən ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik ehtiram sükutu ilə yad edilib. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. Ardınca Aİİ rektoru, Dos. Aqil Şirinov Zəfər Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Tarixi keçmişə nəzər salan rektor ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı hadisələrinə diqqət çəkib. A.Şirinov Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda Qarabağın hər bir nöqtəsində yenidənqurma işlərinin aparıldığını, Qarabağ və Şərqi Zəngəzura “Böyük Qayıdış”ın gerçəkləşdirildiyini diqqətə çatdırıb”.
Daha sonra AMEA-nın müşaviri, akademik Yaqub Mahmudov Qarabağ Zəfərinin mahiyyəti barədə geniş məruzə edib. Akademik bildirib ki, Qarabağ Zəfəri 1813-cü və 1828-ci illər faciələrindən sonra, Azərbaycan xalqının müharibə meydanında qazandığı ən böyük tarixi nailiyyətdir. O qeyd edib ki, Vətən müharibəsində böyük tarixi Qələbə Azərbaycanın son 200 illik tarixində ilk dəfədir reallaşıb. Y.Mahmudov deyib ki, bu Qələbəni böyük güc mərkəzlərinə qarşı siyasi-diplomatik mübarizədə və döyüş cəbhəsində öz xalqına və Şanlı Azərbaycan Ordusuna başçılıq edən İ.Əliyev həyata keçirib.