Press "Enter" to skip to content

Elman Cəfərli: Bütün bu mərhələlərin hər biri bizim üçün dəyərlidir

Elman Cəfərli

BAYRAQDAR MEDİA – “Azərbaycanın işğalçı Ermənistan üzərində böyük zəfərinin əsası, əslində 2016-cı ilin 4 günlük aprel döyüşlərində qoyulmuşdu. Aprel döyüşlərində 1994-cü ilin 12 may atəşkəs razılaşmasından sonra ilk dəfə olaraq Azərbaycan işğal altında olan ərazini-Lələtəpəni azad etdi”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Yaşıl Dünya” İctimai Birliyinin sədri Elman Cəfərli deyib.

O, qeyd edib ki, aprel döyüşləri Azərbaycan ordusunun aşkar üstünlüyünü göstərdi: “Aprel döyüşləri hərbçilərimizdə qələbəyə inam yaratdı. Hər kəsə bəlli oldu ki, Azərbaycan torpaq itkisi ilə barışmayacaq. Azərbaycan 22 il idi ki, BMT-dən və digər beynəlxalq təşkilatlardan ədalət gözləyirdi. Aprel savaşından sonra Azərbaycan 4 il daha gözlədi, Silahlı Qüvvələrin qüdrəti artırıldı, diplomatiyamız Avropada güclü iş apardı. Azərbaycan hələ də münaqişənin sülh yolu ilə həllinə inanırdı. Lakin ermənilərin 2020-ci ilin iyulunda Tovuzda törətdiyi təxribatdan sonra qərar qətiləşdi. Həmin ilin 27 sentyabrında düşmən ölkənin təxribatıları intensivləşdirməsindən sonra başlanan əks-həmlə əməliyyatı ilə qısa zaman kəsiyində işğalçı Ermənistanın müqaviməti qırıldı. Yüzlərlə yaşayış məntəqəmiz düşmən tapdağından azad edildi”.

Vurğulanıb ki, noyabrın 8-də Şuşanın azad edilməsi Vətən müharibəsinin kulminasiya nöqtəsi oldu: “Bu zəfərdən sonra düşmən kapitulyasiya aktını imzalamaq zorunda qaldı. Ağdam, Kəlbəcər, Laçın rayonları döyüşsüz Azərbaycana qaytarıldı”.

Müsahibimzi bildirib ki, 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixində əhəmiyyəti böyükdür: “Düşmən üzərində qələbənin növbəti mərhələsi isə Laçında nəzarət buraxılış məntəqəsinin yaradılması oldu. Bu, daha çox psixoloji qələbə idi və düşmən anladı ki, qondarma rejimin heç bir perspektivi yoxdur. 2023-cü ilin sentyabrında ermənilərin ardaarda törətdiyi təxribatlardan sonra Azərbaycan hakimiyyəti ölkə ərazisində boz zonanın qalmayacağını bəyan etdi. Sentyabrın 19-da başlanmış lokal antiterror tədbirləri ilə cəmi 23 saata Silahlı Qüvvələrimiz qondarma rejimin cinayətkar hərbi dəstələrini və Ermənistanın bölgədə saxladığı ordu birləşməsini sıradan çıxardı. Xocalı, Əsgəran, Ağdərə, Xankəndi işğaldan azad olundu. Bütün bu mərhələlərin hər biri bizim üçün dəyərlidir. Ancaq son lokal antiterror tədbirləri 1988-ci ildən başlanmış Qarabağ münaqişəsinə birdəfəlik nöqtə qoydu. Azərbaycan ərazisində separatçıların gizləndiyi boz zona qalmadı. Azərbaycan öz dövlət suverenliyini bütün ölkə ərazisində bərpa etdi. Bütün bunlar təbii ki, cənab Prezident İlham Əliyevin 20 illik siyasətinin məntiqi nəticəsi idi. 2003-cü ilin 16 oktyabrında prezident seçilmiş İlham Əliyev dəfələrlə Azərbaycanın ərazi itkisi ilə və torpağında ikinci erməni dövlətinin yaradılması ilə barışmayacağını bildirmişdi. Nəticə göstərdi ki, bu bəyanatlar boşuna deyilmiş. Son 200 ilin tarixində ilk dəfə olaraq Azərbaycan torpaq itirmədi, əksinə dədə-baba torpaqlarımızı işğaldan qurtardı”.

Mission News Theme by Compete Themes.