BAYRAQDAR MEDİA – Noyabrın 6-da Muzey Mərkəzində “Döyüşən rəssamlar” adlı tədbir keçirilib.
Tədbirdə öncə Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu çıxış edərək I və II Qarabağ müharibəsi haqda danışıb.
Ardınca filmin ssenari müəllifi və rejissoru Rövşən Nicat çıxış edərək Zəfər Gününə toxunub və bu günün Azərbaycan tarixində ən böyük qələbə olduğunu deyib. Sonra I Qarabağ savaşında və 44 günlük Vətən müharibəsində döyüşən rəssam qazilərin döyüş təəssüratlarından ibarət “Kətan, Vətən” adlı sənədli film nümayiş olunub. “Azərbaycantelefilm” studiyasının istehsalı olan dörd rəssamın müştərək işini əks etdirən filmdə I Qarabağ müharibəsində döyüşən Tərlan Eyvazov və İntiqam Ağayevin, həmçinin 2020-ci il Vətən müharibəsində döyüşən Cavidan Rəhmətov və Fərid Əhmədovun müharibəyə insani və yarıdıcı yanaşmaları yer alıb.
Detallarla zəngin olan filmin ssenari müəllifi və rejissoru R.Nicat, operatoru Elxan Rüstəmov, layihə rəhbəri isə Elçin Musaoğludur. Film boyu danışılan kövrək xatirələrin, işlənən rənglərin müşayiəti ilə 6 metrlik kətan üzərində çəkilən “Zəfərə gedən yol” adlı rəsm əsəri yaranıb.
Filmin nümayişindən sonra 6 rəssamın – Tərlan Eyvazov, İntiqam Ağayev, Pəri Əsgərova, Cavidan Rəhmətov, Fərid Məmmədov, Fəxri Musazadənin əl işlərinin yer aldığı sərgiyə baxış keçirilib.
Əl işləri nümayiş olunan rəssamlardan P.Əsgərova (Pəri Miniatür) sərgi ilə bağlı təəssüratlarını BAYRAQDAR MEDİA ilə bölüşüb: “Ölkədə və xaricdə bir çox fərdi sərgilərim olsa da bu sərgidə, hətta iştirakçı olmam belə mənə qürur verdi. Çünki bu Vətənin sevinci idi, Vətənin sərgisi idi. Zəfər gününü gördüyümüz üçün özümü çox məmnun hiss edirəm”.
Qeyd edək ki, sərgi noyabrın 13-dək davam edəcək.