Son yeniləmə: 8 Noyabr 2023 11:46
“Azərbaycanın yeni inkişaf mərhələsində qeyri-hökumət təşkilatları” mövzusunda forum keçirilib
BAYRAQDAR MEDİA – Noyabrın 7-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “2023-cü il Heydər Əliyev İli” çərçivəsində “Azərbaycanın yeni inkişaf mərhələsində qeyri-hökumət təşkilatları” mövzusunda forum keçirib.
Heydər Əliyev Mərkəzində keçirilən forumda öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan topraqlarının işğaldan azad edilməsi uğrunda şəhid olan qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycanın Dövlət Himni oxunub və QHT-lərin fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Aygün Əliyeva: Bu tədbirin Zəfər bayramı və Bayraq günü ərəfəsində keçirilməsinin xüsusi əhəmiyyəti var
Agentliyin Mətbuat xidmətindən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, forumda çıxış edən Agentliyinin icraçı direktoru Aygün Əliyeva tədbirin Zəfər bayramı və Bayraq günü ərəfəsində keçirilməsinin xüsusi əhəmiyyətini qeyd edib.
A.Əliyeva çıxışında vətəndaş cəmiyyətinin inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, Azərbaycanın yeni inkişaf mərhələsində qeyri-hökumət təşkilatlarının rolundan bəhs edib. O, bir neçə gündən sonra – noyabrın 10-dan etibarən Agentliyin 2024-cü il üzrə qrant müsabiqələri üzrə layihələrin qəbuluna başlanacağını və prosesin dekabrın 10-da başa çatacağını bildirib. A.Əliyeva qrant müsabiqələri üzrə mövzuların ən aktual məsələlərə həsr edildiyini qeyd edib və QHT-ləri müsabiqələrdə fəal iştiraka çağırıb.
Həmçinin məlumat verilib ki,yeni qrant müsabiqələri ilə əlaqədar geniş maarifləndirmə kampaniyası təşkil olunub, Agentlik xətti ilə 4 dəfə infosessiyalar keçirilib. Bu infosessiyalarda ümumilikdə 750-dən çox QHT təmsilçisi iştirak edib.
Tural Əliev: QHT-lərlə əlaqədar qanunvericilik bazasına yenidən baxılır
Forumda çıxış edən Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin nümayəndəsi Tural Əliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm bünövrə üzərində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bugünkü qalib Azərbaycan dövlətini ucaldıb:“Azərbaycan Respublikası artıq bütövdür, tamdır. Əlbəttə, bu mənzərə qeyri-hökumət təşkilatları qarşısında da yeni çağırışlar deməkdir. Artıq dövlət tərəfindən QHT-lərlə iş sahəsində köklü islahatlara başlanılıb. Açıq etiraf olunmalıdır ki, ötən illərdə bu sahədə xeyli nöqsanlar buraxılıb. Bu gün bəzi qeyri-hökumət təşkilatlarının fəaliyyəti bu sahəyə ləkə, sektorun adına ciddi xələl gətirir. Onlar illərdir öyrəşdikləri müxtəxorluq dövrünün xiffəti ilə yaşayır”.
T.Əliyev bildirib ki, hazırda QHT-lərlə əlaqədar qanunvericilik bazasına yenidən baxılır. Yaxın vaxtlarda bu sahədə də əsaslı dəyişikliklərin şahidi olacağıq: “Bildiyiniz kimi, xarici donorlardan maliyyə alan QHT-lər bunun üçün Ədliyyə Nazirliyindən müvafiq bildirişə malik olmalıdır. Lakin aparılmış təhlil üzə çıxarıb ki, QHT sektorunda bildirişdən yayınmaq üçün ciddi cəhdlər var. Qrantların “qaranlıq dövriyyəsi” bir sıra hallarda məhz xarici donorlar üçün Azərbaycanın daxilinə sızma cəhdləridir”.
Bir sıra xarici fondların Azərbaycandakı əsas məqsədlərindən biri tarixi Zəfərə kölgə salmaq, cəmiyyətdə ruh düşkünlüyü yaratmaqdır
T.Əliyevin sözlərinə görə, müşahidələr göstərir ki, bir sıra xarici fondların Azərbaycandakı əsas məqsədlərindən biri məhz əldə edilmiş tarixi Zəfərə kölgə salmaq, insanların gözündə onu heçə endirmək, cəmiyyətdə ruh düşkünlüyü, süstlük yaratmaqdır: “QHT-ləri bu məsələlərdə diqqətli olmağa, xarici donorlarla Ədliyyə Nazirliyinin müvafiq bildirişi olmadan heç bir əməkdaşlıq qurmamağa çağırırıq”.
Daha sonra Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İctimai Birliyinin sədri Fatma Səttarova, Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyinin sədri Novella Cəfəroğlu, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının baş katibi Leyla Həsənova çıxış edərək Azərbaycanın yeni inkişaf mərhələsində qeyri-hökumət təşkilatlarını xüsusilə beynəlxalq müstəvidə fəallıqlarını artırmağa çağırıblar.
Panel müzakirələrində müxtəlif mövzularda məruzələr dinlənilib, suallar cavablanıdırılıb
Forum “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin moderatorluğu ilə panel müzakirələri ilə davam edib.
Müzakirələrdə Agentliyin Müşahidə Şurasının üzvü, “Vətəndaş Tədqiqat və İnkişaf” İctimai Birliyinin sədri Günel Səfərova “Qeyri-hökumət təşkilatlarının beynəlxalq fəaliyyəti: mövcud vəziyyət, gələcək perspektivlər”, Agentliyin Müşahidə Şurasının üzvü, “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri İsrayıl İsgəndərov “Dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin inkişafı”, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Azərbaycanın yeni tarixi mərhələsində QHT sektorunun inkişafı: yeni çağırışlar və gələcəyə baxış”, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev “QHT-lərin BMT-nin İqtisadi və Sosial Şurasına üzvlüyü və bu statusun verdiyi üstünlüklər”, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov “İctimai iştirakçılığın təmin edilməsində qeyri-hökumət təşkilatlarının rolu”, Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli “QHT sektorunda mövcud vəziyyət: imkanlar və çətinliklər”, “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyinin sədri Anar Musayev “Gənclər təşkilatları: Məqsəd və hədəflər” mövzusunda məruzələrlə çıxış ediblər. QHT-lərin mövzularla bağlı sualları cavablandırılıb.
Bu gün bütün Azərbaycanın üzü gülür
Forum çərçivəsində şəhid övladlarının ifasında “Qəhrəman övladıyıq” mahnısı, Şəmistan Əlizamanlının ifasında Zəfər gününə həsr edilmiş musiqilər dinlənilib.
Forumun yekununda QHT-lərin təşəbbüsü ilə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Zəfər günü münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə təbrik müraciəti ünvanlanıb. Müraciət mətnini “Zəfər” Şəhid Ailələrinə Dəstək” İB-nin sədri Sevinc Alızadə oxuyub.
Müraciətdə deyilir: “İlk dəfə olaraq Azərbaycan böyük təntənə, ruh yüksəkliyi ilə Zəfər gününü respublikanın tam suverenliyi və ərazi bütövlüyü şəraitində qeyd edir. Azərbaycan Bayrağının Şuşada, Xankəndində, Xocalıda dalğalanması tarixə əbədi həkk olan böyük xoşbəxtlikdir. Bu, müstəqil Azərbaycan dövlətinin həyatında tamamilə yeni səhifənin açılmasıdır. Biz bu möhtəşəm tarixi günlərin xoş həyəcanı, sevinci, bəxtiyarlığı içərisindəyik. Siz Azərbaycan xalqını ən böyük arzusuna çatdırmış milli lidersiniz. Nəyi, nə vaxt və necə etmək lazım olduğunu Siz öz əməli fəaliyyətinizlə hər dəfə sübut edirsiniz. Qazanılan nəhəng uğurların hansı əziyyət, zəhmət, fədakarlıq nəticəsində başa gəldiyi göz qarşısındadır. Siz bütün təzyiqlərə, çətinliklərə rəğmən Azərbaycanı sabitlik, inkişaf adası kimi yalnız irəliyə aparırsınız, şöhrətini dünyaya yayırsınız.20 ildir ki, Azərbaycan xalqı keçirilmiş bütün prezident seçkilərində öz taleyini yalnız Sizə etibar edib”.
Müraciətdə o da deyilir ki, bu gün bütün Azərbaycanın üzü gülür: “Bu gün şəhid övladlarının üzü gülür. Müstəqil Azərbaycan tarix boyu heç vaxt bu qədər güclü olmayıb. Bu, Sizin xidmətiniz, Sizin əsərinizdir, cənab Prezident! Bu, Ulu Öndər Heydər Əliyevin arzuladığı Azərbaycandır! Zəngəzur, Göyçə, Dərələyəz, İrəvan – Qərbi Azərbaycan torpaqları, doğma yurd yerləri heç vaxt bu qədər yaxın olmayıb. Bu gün hər bir azərbaycanlı həmin yerlərə də dönəcəyi günü gözləyir. Biz Sizin liderliyinizlə Qərbi Azərbaycana da gedəcəyik! Əmin ola bilərsiniz ki, Azərbaycanın qeyri-hökumət təşkilatları bundan sonra daim dövlətinin yanında olacaq, Sizinlə olacaq! Yolunuz yolumuzdur, cənab Prezident! Zəfər bayramınız mübarək!”.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə keçirilən forumda 200-dən çox QHT təmsilçisi iştirak edib.