Son yeniləmə: 7 Noyabr 2023 10:13
Bakı Atatürk Liseyində 8 noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib
BAYRAQDAR MEDİA – Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində 8 Noyabr-Zəfər Gününə həsr edilmiş tədbir keçirilib.
Öncə məktəbin həyətində şagirdlərin Azərbaycan və Türkiyə bayraqları ilə keçidi olub.
Liseyin klubunda davam edən tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin, Türkiyənin qurucusu Mustafa Kemal Atatürkün və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra hər iki qardaş ölkənin dövlət himnləri oxunub.
Vətən müharibəsindəki tarixi Zəfərin üçüncü ildönümü münasibətilə təşkil edilən bayram tədbirində liseyin müdiri Eylem Gültekin çıxış edib.
Çıxışda qeyd olunub ki, üç il öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tarixi zəfər əldə etdi. 44 günlük Vətən mühairbəsində əldə edilən bu zəfər nəticəsində düşmən darmadağın oldu və Azərbaycan torpaqları işğaldan azad edildi.
Liseyin müdiri əlavə edib ki, bu, ümumilikdə türk dünyasının zəfəri kimi tarixə düşdü.
Sonra təhsil ocağının şagirdlərinin ifasında tarixi zəfərə həsr edilən şeir və mahnılar səsləndirilib.
Mərasimdə həmçinin, 44 günlük Vətən müharibəsinə həsr edilən ayrı-ayrı slaydlar, məktəblilərin hazırladıqları kiçik səhnəçiklər də təqdim edilib.
Mərasimin sonunda isə liseydə təhsil alan şəhid övladları səhnəyə çıxıb.
Mərasim xatirə fotosunun çəkdirilməsi ilə başa çatıb.