Son yeniləmə: 6 Noyabr 2023 10:54
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Heydər Əliyev Mərkəzində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin təşkilatçılığı ilə universitetin Heydər Əliyev Mərkəzində Zəfər Gününə həsr olunmuş “Vətən mənim səsimdir” adlı tədbir keçirilib.
Universitetin mətbuat xidmətindən bildirilib ki, tədbirdə şəhid ailələri, qazilər, bu ali təhsil ocağının professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Açılış nitqi ilə çıxış edən ADPU-nun Heydər Əliyev Mərkəzinin müdiri Tahir Süleymanov 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfəri şərtləndirən amillərdən söz açaraq tədbirin gedişinə uğurlar arzu edib.
Ardınca Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müəllimi, layihə rəhbəri, t.ü.f.d. Sevil Bəhramova tədbir haqqında iştirakçıları məlumatlandırıb. Fakültənin V tədris ilinin tələbəsi Anar Qarayev isə təqdimat nümayiş etdirib.
Sonra Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının professoru Mübariz Əmirov, fakültənin dekan müavini Paşa Quluzadə və digərləri çıxış edərək, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsində şanlı Qələbənin önəmindən, bu tarixi Zəfəri şərtləndirən amillərdən, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığından söz açıblar.
Tədbirdə tələbələrin hazırladıqları videoçarxlar, 44 günlük Vətən müharibəsi ilə əlaqədar yerli və xarici mediada yayımlanan xəbərlərin gənc tələbələrin dilindən səsləndirilməsini əks etdirən görüntülər nümayiş etdirilib, ədəbi-bədii kompozisiya təqdim olunub.