Press "Enter" to skip to content

Nevroloqdan baş ağrıları haqqında vacib fikirlər

Pərviz Axundov

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun nevroloqu Pərviz Axundov: ”Yüngül fiziki aktivlik miqrenin profilaktik müalicənin effektivliyini artırır”

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun nevroloqu Pərviz Axundov baş ağrıları, miqrenin necə meydana gəldiyi, səbəbləri, və s. haqda məlumat verib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Nevroloq deyib ki, Baş Ağrılarının Beynəlxalq Təsnifatında 200-dən çox baş ağrısı növü mövcuddur: “Baş ağrıları birincili və ikincili olmaqla iki qrupa bölünür. Birincili baş ağrıları heç bir səbəb olmadan ortaya çıxan ağrılara deyilir. Baş ağrıları 90%-dən çox halda birincili olur. Bura miqren, gərginlik baş ağrıları, klaster başağrısı və digər birincili baş ağrıları növləri aiddir. İkincili başağrıları zamanı başağrısı əsas xəstəliyin baş verməsi səbəbindən meydana çıxır və infeksion, şiş, damar, medikamentoz və digər mənşəli baş ağrılarını əhatə edir”.

Xəbərdə qeyd olunur ki, “miqrenin necə meydana gəldiyindən danışan P.Axundov bildirib ki, genetik, serebro-vaskulyar və neyronal səbəbləri məlum olan miqrenin biokimyəvi və fizioloji risk faktorları ona zəmin yaradır. O, həmçinin genetik faktorların ən başlıca səbəb olduğunu vurğulayıb. Nevroloq eləcə də qeyd edib ki, miqren ağrısının səbəblərindən biri də hormonal dəyişiklərdir”.

Sonra xəbərdə, “müəyyən amillərin miqren tutmasına qıcıq rolunu oynadığını deyən P.Axundov bu amillərə isti, soyuq, müxtəlif qoxular, parlaq işıq, səs-küy, fiziki gərginlik, xronik stress, yuxu pozulmaları, vaxtsız və pis qidalanma, tutun çəkmə, cinsi yetkinlik dövrü, menstruasiya və ya ovulyasiya, menopauza, hamiləliyin aid olduğunu bildirib. O, həmçinin miqren tutmasına xüsusi olaraq bəzi qida maddələrinin təsiri olduğunu da qeyd edib” deyə bildirilir.

P.Axundov məlumat verib ki, miqrenin müalicəsi onun profilaktik müalicəsindən və tutmanın müalicəsindən ibarətdir.

Nevroloq sonda miqreni olanların hansı məşqləri etməli olduqlarından danışıb: “Aparılan tədqiqatlar, miqren zamanı yüngül fiziki aktivliyin yaxşı təsir etdiyini sübut edib. Bu cür məşqlər miqren tutmalarının sıxlıq və şiddətini azaldır, profilaktik müalicənin effektivliyini artırır. Çox yorulmamaq şərti ilə düzənli aerobik idmanlar, üzgüçülük, sürətli gəzinti, velosiped sürmək bu məqsədlə seçilə bilər”.

Mission News Theme by Compete Themes.