Press "Enter" to skip to content

Günəş balalar üçün yaddaqalan və xoş bir tədbir

Tədbirdə xoş anlar yaşandı

BAYRAQDAR MEDİA – Noyabrın 3-də “Daun Sindromlu Uşaqların İdmana və Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi sözügedən kateqoriyadan olan uşaqlar və onların böyükləri ilə birlikdə yaddaqalan tədbir keçirib.

Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən qurumdan daxil olub.

Xəbərdə bildirilir ki, tədbirin əsas məqsədi bu kateqoriyadan olan uşaqların həm idmana, həm də bütövlükdə cəmiyyətə inteqrasiyası məsələsinin daha qabarıq şəkildə diqqətə çatdırılması olub.

Eyni zamanda uşaqlara, onların ata və analarına sevincli anlar yaşatmaq, onların arasında ünsiyyəti dərinləşdirmək və ortaq xoş ovqat yaratmaq tədbirin məqsədləri sırasında olub.

Adı keçən Birliyin sədri Anisə Arifqızı BAYRAQDAR MEDİA-ya bildirib ki, tədbirdə uşaqlar, onların valideynləri ilə birlikdə bu cür məsələlərdə dəstəyini əsirgəməyən xeyirsevər insanlar da iştirak edib. Tədbir zamanı həmin şəxslərə təşəkkürnamələr təqdim olunub.

Tədbirdən xatirə şəkli
Tədbirdən xatirə şəkli

Dəvət edilən qonaqlardan biri, Dövlət Arxivi Şirvan Filialının rəhbəri Nəsibə Nəsibqızı daun sindromlu uşaqlara həsr edilmiş şeirini ifa edib (əlavə olunur). Eyni zamanda günəş balalar və tədbir iştirakçıları musiqi sədaları altında rəqs edib, əyləniblər.

Ana və oğul

Daun sindromlu uşaqlara həsr olunur. Xüsusi olaraq Anisə Arifqızı və oğlu Tahir üçün.

Qaranlıq bir gecədən
Oyandı sabahına
Sarıldı ürkək-ürkək
Öz Günəş balasına
Hələ Günəş doğmadan
Üsyan etdi Tanrıya
Gözüyaşlı bir ana
Heç kimsələr duymadan
Ananın naləsindən
Çalxalandı buludlar
Sulandı sərt yer üzü
Hələ yağış yağmadan
Sığallayıb saçını
Dillənmişdi həmin an
Hər kəsin lal sandığı
Bizim balaca oğlan:
Ana, sənin gözündən
Axan damla yaşları
Nə edim ki, siləsən?
Səni başqa baladan
Az sevmirəm biləsən.
Səni üzməsin gərək
Qəlbimdəki naxoşluq
Ruhdan salmasın qəti
Əqlimdəki bihuşluq
Bu soyuq baxışlarım
Dondurmasın qəlbini
Bizi başqası duymaz
Qınamayaq heç kimi
Yoxdur mənim qəlbimdə
İnsanların xof, kini…
Təki xoşbəxt olaydı
Dünya da mənim kimi
Əlimdəki cizgilər
Üzümdəki sezgilər
Fərqlidir, boyum da
Eybi yox,
Olmasa toyum da…
Ana-ata hissini
anlamasam da heç vaxt
Dadmasam da sehrini
Ən sehirli ananın
Balasıyam, anacan
Uçmayacam yuvamdan
Digər uşaqlar kimi
Ölüncə sənə yarəm
Bəs sən ölsən, ay ana
Kim olar mənim çarəm
Anam, ah, gözəl anam
Üzülmə sənə qurban…

Nəsibə NƏSİBQIZI

Mission News Theme by Compete Themes.