BAYRAQDAR MEDİA – Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi tədbirləri çərçivəsində maraqlı təşəbbüslər davam edir. Belə təşəbbüslərdən biri də AMEA Tarix İnstitutunun böyük elmi işçisi Xatirə Qəhrəmanovadan gəlib.
BAYRAQDAR MEDİA-ya bu haqda danışan Xatirə xanım bildirib ki, Azərbaycan torpaqlarının uzun illər işğal altında qalması hər bir azərbaycanlı kimi onu da daim qayğılandırıb.
Müsahibimiz deyir ki, bununla bərabər Ulu Öndərin o torpaqlara mütləq qayıdacağımızla bağlı qətiyyətli fikirləri həmişə onun üçün toxtaqlıq, inam yeri olub: “27 illik işğaldan sonra Azərbaycan torpaqları Ermənistanın işğalından azad edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ulu Öndərə hesabat verərək onun vəsiyyətini yerinə yetirdiyini deməsi bizi olduqca qürurlandırdı. Düşündüm ki, bu tarixi anın əbədiləşdirilməsi, ümumi işimizə kiçik də olsa töhfə vermək üçün mən də nəsə edim. O baxımdan “Ata vəsiyyəti” adlı şeir yazdım. Sonra da şeirə musiqi bəstələdim. Bununla da qalmadım, elə özüm də o mahnını ifa elədim”.
Həmsöhbətimiz deyir ki, musiqi də hazır olandan klip çəkdirmək qərarına gəliblər. Bu işdə isə onlara Bakıdakı 175, 176, 158, 167 saylı məktəblərin, Ekologiya Liseyinin kollektivləri yardımçı olub. Emir Işıkla birlikdə ifa edilən parçanın çəkilişləri Bakının Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində gerçəkləşib. Xatirə xanım buna görə həm sözügedən məktəblərin, həm də Mərkəzin rəhbərlərinə təşəkkürünü ifadə edib.