Son yeniləmə: 4 Noyabr 2023 13:42
Vüqar iskəndərov: Milli lider xüsusiyyətlərinin və keyfiyyətinin daşıyıcısı olan İlham Əliyev üzərinə götürdüyü tarixi missiyanı uğurla başa çatdırdı
BAYRAQDAR MEDİA – “Azərbaycan ötən üç il ərzində davamlı olaraq tarixi uğurlar əldə edib. Bunun nəticəsində hazırda ölkə ərazisində bütünlüklə suverenliyimiz bərpa edilib”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Milli Məclsiin deputatı Vüqar İskəndərov deyib.
O, qeyd edib ki, üç il öncə Vətən müharibəsində işğalçı Ermənistan ordusuna vurulan sarsıdıcı zərbələr, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi parlaq qələbə Azərbaycan topraqlarının işğaldan azad edilməsi ilə nəticələndi: “Darmadağın olan düşmən sonda ağ bayraq qaldırdı. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları birgə bəyanat imzalandı. Bu bəyanata əsaəsn, Ağdam, Kəlbəcər və Laçın rayonları da bir güllə atılmadan belə işğaldan azad edildi. Lakin bu da son olmadı. Bütün prosesin tam başa çatması, suverenliyimizin tam təmin olunması üçün Azərbaycan dövlətinin sarsılmaz mövqeyi, cənab Prezident İlham Əliyevin qətiyyəti yenə də öz sözünü dedi”.
Deputatın sözlərinə görə, bu da təbiidir. “Çünki heç vaxt başladığı işləri yarımçıq qoymayan və bütün fəaliyyəti boyunca “nəyi, nə zaman və necə” etməyin ən yaxşı nümunələrini göstərən Azərbaycan Prezidenti İlham Əliyevin suverenlik və ərazi bütövlüyü anlayışı heç bir zaman müharibənin nəticələri ilə məhdudlaşmamışdır. Vətən müharibəsindən sonrakı 3 il ərzində həyata keçirilən siyasət və görülən bütün işlər prosesin davamı oldu və 2023-cü il sentyabrın 20-də öz məntiqi sonluğuna çatdı. Bütün təzyiqlərə və hədələrə baxmayaraq, Prezident İlham Əliyev uzaqgörənliklə, praqmatik şəkildə, barışmaz prinsipiallıq və qəti iradə nümayiş etdirərək Xankəndində Azərbaycanın dövlət bayrağının asılacağı günü yaxınlaşdırdı. Bütün bunlar isə bir daha təsdiq etdi ki, Prezident İlham Əliyev həmişə gələcəyə baxan, onilliklər sonranı düşünən və bütün planlarını strateji məqsədlərə uyğun quran liderdir. Bir sözlə, milli lider xüsusiyyətlərinin və keyfiyyətinin daşıyıcısı olan İlham Əliyev müharibədən sonrakı 3 il ərzində tarixi əhəmiyyət kəsb edən bir proses reallaşdırdı və üzərinə götürdüyü tarixi missiyanı uğurla başa çatdırdı”.