Son yeniləmə: 4 Noyabr 2023 09:06
BAYRAQDAR MEDİA – Azərbaycan Mətbuat Şurasının gözəl ənənələrindən biri də veteran-yubilyar jurnalistləri daim diqqətdə saxlamasıdır. Özünün mövcudluğu dövrü – 2003-cü ilin martından bu günədək MŞ daim arayıb-axtarır, bəzən də illərlə yada düşməyən, amma yetərincə xidmətləri olan ustad həmkarlarımızı yenidən cəmiyyətə təqdim edir.
Belə təqdimatlardan biri də noyabrın 3-də keçirildi. Bu dəfə biz – nisbətən yeni nəslin təmsilçiləri, eləcə də həmyaşıdları ustad jurnalist Adil İrşadoğlunun işığına yığışmışdıq.
Adil İrşadoğlu / Adil Əliyev. Bu ad məni illərin ötəsinə – 1-ci Qarabağ Savaşı dönəminə qədər aparıb çıxarır. Onda gəncdim. Ermənistandan soydaşlarımız qovulur, bərabərində də Qarabağda ermənilər bölücülüklə məşğul olurdu. Beləcə bir sıra jurnalistlərin gecəsi-gündüzü o müqəddəs torpaqlarda keçirdi.
Mən onda jurnalist deyildim. Gənc bir tələbə idim. Heç jurnalist olmağı da xəyal etmirdim. Yəni bilənlər bilir ki, heç vaxt jurnalist olmaq xəyalı ilə yaşamamışam. Amma indiki jurnalist halımdan da peşman deyiləm.
…Həmin o 1990-larda ekrandan, efirdən, qəzet səhifələrindən (gündə ən azı 3-5 ayrı qəzeti alırdım) qulağımıza/gözümüzə taxılıb qalan imzalar vardı. Adil İrşadoğlu da onlardan biri, həm də ən parlaq imzalardandı.
Tanış deyildik onunla. O kim, mən kim? O, dövrünün ən parlaq imzası, mənsə adi bir dinləyici, tamaşaçı, oxucu idim. Həmin dövrün ünsiyyət imkan(sızlıq)larını nəzərə alsaq, parlaq imzalarla tanış olmaq, bir ortamı paylaşmaq indikindən fərqli olaraq elə də asan deyildi. Hərçənd əminəm ki, o şəraitdə belə ustad İrşadoğlu bizim kimi gənclərlə ünsiyyətdən əsla qaçmazdı.
Zaman keçdi, dövran dəyişdi. Nə vaxt olduğunu bilmirəm, amma artıq biz bu ustadla bir müstəvidə idik. Tanış da olmuşduq. Aramızda böyük-kiçiklik öz yerində olmaqla bir həmkar münasibəti də yaranmışdı. Və mən bu halımdan çox məmnundum. Bir zamanların əfsanə jurnalistlərindən olan bu qocaman imza ilə bir ortamı paylaşır, onunla həmkarlıq edirdim.
Və düz 5 il öncə – 2018-ci ildə Adil ustadın 65 yaşı tamam oldu. Qarışıq günlərdi. Yadımdadır ki, ovaxtkı Beynəlxalq Mətbuat Mərkəzində bir törən düzənlənmişdi. Mətbuat Şurası adına tədbirə mən qatılmışdım. Sədrimiz Əflatun Amaşov və digər həmkarlarımız başqa vacib işlərin üzündən o tədbirə gələ bilməmişdilər.
O da yaxşı yadımdadır ki, çıxış edənlər İrşadoğluna olduqca xoş arzularını ifadə edirdilər. Mən də çıxış etmişdim. Çıxışımda ənənəvi “gün o gün olsun ki” ifadələrinə yer vermişdim. Yəni gün o gün olsun ki, Adil ustadın bir sonrakı yubileyini doğma yurdunda, həmin dönəmdə hələ də Ermənistanın işğalı altında olan Ağdamda qeyd edək…
Çıxışımda əminliklə demişdim ki, bu arzum mütləq çin olacaq. Ağdam da, digər torpaqlarımız da Ermənistanın işğalından qurtulacaq və biz Adil İrşadoğlunun, onun kimi dəyərli qələm adamlarımızın yubileylərini o müqəddəs torpaqların azadlığı işığında qeyd edəcəyik.
…Bu dəfə də çıxış etdim. Qısa çıxışımda yubilyarın özəlliklərindən danışdım. Onun kimi ustad böyüklərimizin milli yaddaşı qorumasının altını cızaraq hazırda artıq tam şəkildə azad olan Qarabağın yaxşı günlərindən söz etdim. Arzu elədim ki, indi işğaldan azad edilmiş Ağdamda belə tədbirləri keçirib o torpağın yetirməsi olan Adil İrşadoğlu kimi ustadların xoş günlərini orada qeyd etmək nəsibimiz olsun.
Çıxışımda Adil İrşadoğlunun şəxsi keyfiyyətlərinə də toxundum. Onun bu yaşda belə bir uşaq kimi saf, körpə kimi təmiz şəxsiyyətini dilə gətirdim. Kövrəkdir o. Hər şeyə və hər kəsə ürək yandıran, bəzən də uşaq kimi sadəlövhdür. Amma bunlar onun bir ustad jurnalist kimi yetişməsinə əngəl olmayıb.
Belə. Adil İrşadoğlunun noyabrın 1-də tamam olmuş 70 illik yubileyini qeyd elədik. Mətbuat Şurasının sədri, daha bir ustad jurnalist olan Rəşad Məcid bizi və Adilin yaxın dostlarını başına yığıb yubilyara gözəl – yaddaqalan bir gün yaşatdı. Biz də o günün bir parçası – şahidi olduq.
Təbrik edirəm, ustad. Artıq “gün o gün olsun ki” demirik, deməyə ehtiyac duymuruq. Sənin bu yubiley yaşın torpaqlarımızın düz 3 ildir düşmən tapdağından azad olunmasına təsadüf edir. Nə gözəl gündür, deyilmi? Əminəm, sən bunu öz yubileyinə ən böyük hədiyyə hesab edirsən. Elə biz də.
Amma arzular bitməz ki. Orada çıxışımda dediyim kimi, mən Ağdamda sənin çayını içmək istəyirəm. Azad edilmiş, yeni qurulmuş abad Ağdamda. Buna da əminəm ki, o çayı məhz orada birlikdə içəcəyik. Necə ki, 5 il öncə “gün o gün olsun ki” deyib dilək tutmuşduq və diləyimiz çin oldu, bu diləyimizin də çin olacağına nə sən şübhə et, nə də mən şübhə edim.
Sonda: Arzular bitməz, “gün o gün olsun ki” də bitməz. Bir zamanlar “gün o gün olsun ki, Şuşada, Ağdamda, Xankəndidə görüşək” deyərdik. Arzumuz çin oldu. İndi də deyirik: gün o gün olsun ki, Təbrizdə, Qərbi Zəngəzurda görüşək. Heç şübhə etmirəm ki, bu arzumuz da çin olacaq.