Press "Enter" to skip to content

Almaniya xarici işlər naziri Prezidentin qəbulunda

Qəbuldan görüntü

BAYRAQDAR MEDİA – Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 4-də Almaniya xarici işlər naziri Annalena Berboku qəbul edib.

Xəbəri Prezidentin mətbuat xidməti yayıb.

Görüşdə Azərbaycan-Almaniya əlaqələri, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, həmçinin Güney Qafqaz bölgəsində sülh, sabitlik və təhlükəsizliyin təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

Almaniyalı nazir ölkəsinin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və bu xüsusda Avropa Birliyinin dəstəyi ilə aparılan Brüssel platformasını dəstəklədiyini diqqətə çatdırıb. Qonaq, həmçinin Azərbaycanın üzləşdiyi humanitar mina probleminin aradan qaldırılmasına Almaniyanın kömək göstərməyə hazır olduğunu bildirib.

İ.Əliyev cari ilin martında Almaniyaya səfərini və Kansler Olaf Şolts, Prezident Frank-Valter Ştaynmayer ilə keçirdiyi görüşləri məmnunluqla xatırladıb.

Prezident Azərbaycanın Güney Qafqaz ölkələri arasında əməkdaşlığı dəstəklədiyini bildirib, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bu üç ölkə arasında əməkdaşlığın indiyədək mümkün olmadığını qeyd edib.

Dövlət başçısı Ermənistanın son üç ildə Azərbaycanın Qarabağ bölgəsinə silah-sursat və hərbi heyət daşınmasını həyata keçirdiyini vurğulayıb: “Prezident İlham Əliyev sentyabrın 2-də Nikol Paşinyanın Ermənistan tərəfindən Azərbaycan ərazilərində yaradılmış və dəstəklənən qondarma rejimi təbrik etməsini və artıq özünü ləğv etmiş qondarma rejimin sentyabrın 9-da dırnaqarası “seçkilər” keçirməsini regionda vəziyyətin gərginləşməsinə xidmət edən təxribatçı addımlar olduğunu bildirdi. Prezident İlham Əliyev lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyini bərpa etdiyini və ölkəmizin Ermənistan ilə münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsinin imzalanmasını, regional sülh gündəliyini dəstəklədiyini diqqətə çatdırdı”.

Söhbət əsnasında Azərbaycan ilə Almaniya arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.