BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr edilmiş “Oxu Mədəniyyəti” layihəsi çərçivəsində “Akademik kitabxanaların yeni fəaliyyət istiqamətləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransa yerli və xarici kitabxana nümayəndələri ilə yanaşı, AMEA Mərkəzi Elmi Kitabxanasının baş direktoru, Prof. Məmməd Əliyev və əməkdaşları da qatılıblar.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə bildirilir ki, “konfransın plenar iclasında çıxış edən M.Əliyev Azərbaycanda kitabxana işinin inkişafı, bu sahədə Ulu Öndər Heydər Əliyevin xidmətlərinin tədqiqi, eləcə də kitabxana-informasiya sahəsində müasir tendensiyaların araşdırılması baxımından konfransın əhəmiyyətini qeyd edib. Baş direktor “Heydər Əliyev İli” çərçivəsində elmi kitabxana tərəfindən həyata keçirilən layihələrdən, tərtib olunan biblioqrafik göstəricilərdən, sərgilərdən, lektoriyalardan danışıb. Bölmə iclasları ilə davam edən konfransda MEK-in elmi katibi Şəbnəm Rüstəmovanın “Akademik kitabxanaların rəqəmsallaşdırılması: zamanın tələbi və perspektivlər”, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bagırova-Hüseynovanın “Ulu Öndər Heydər Əliyev irsi elektron informasiya resursları sistemində”, İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədovanın “Elmi kitabxanalarda elmmetriya və bibliometriya” mövzularında məruzələri dinlənilib”.
Konfrans müddətində MEK əməkdaşları yerli və xarici kitabxana nümayəndələri ilə gələcək birgə layihələrin təməlini qoyublar.
Sonda MEK təmsilçilərinə, iştirakçılara və təşkilat komitəsinin üzvlərinə sertifikatlar təqdim olunub.