Press "Enter" to skip to content

Bütün bunlar planlı və sistemli bir dövlət siyasətinin tərkib hissələri idi

Aydın Quliyev

Aydın Quliyev: Prezident İlham Əliyevin həmin günlərdə Ermənistana və havadarlarına “Şuşasız işimiz yarımçıq olardı” mesajı heç də təsadüfi deyldi

BAYRAQDAR MEDİA – “Bu 3 illik dövrdə, bu və digər sistemli addımlarla Azərbaycan dövləti, onun adından şəxsən Prezident, cəmiyyət və ordumuz bütün dünyaya anlatdı ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi yarımçıq anlayış kimi qəbul edilə bilməz. Başladılmış proseslər ərazi bütövlüyü və suverenliyin məntiqi və mükəmməl sonluğuna çatmalıdır”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin həmin günlərdə Ermənistana və havadarlarına “Şuşasız işimiz yarımçıq olardı” mesajı heç də təsadüfi deyldi: “Bu, əslində o demək idi ki, Şuşa ilə qənaətlənməyəcəyik, bizə aid olan torpaqların hər qarışı Azərbaycanın suverenliyi altına qayıtmayınca “qılınc qınına girməyəcək”. Belə də oldu”.

Politoloq qeyd edib ki, ümumiyyətlə 44 günlük Vətən savaşı və ondan sonrakı üç illik hadisələr tariximizin önəmli bir mərhələsini təşkil edir: “Vətən müharibəsi nəticəsində 8 noyabr Zəfəri qazanıldı, Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi, ardınca ekoloqlar dinc etiraz aksiyası keçirdilər və Laçın yolunda post quruldu. Daha sonra bu ilin sentyabrında həyata keçirilən antiterror tədbiri və 15 oktyabrda Xankəndinə dövlət bayrağımızın dalğalanmasını gördük. Bütün bunlar planlı və sistemli bir dövlət siyasətinin tərkib hissələri idi. Biri o birini şərtləndirdi, biri digərini tamamladı. Hətta ən məlumatsız adamlar da bu hadisələri xronoloji və tematik ardıcıllıqla izlədikcə bu qənaətə gəlir ki, təsadüfi heç nə olmayıb. Hər şey məkan və zaman prinsipini əks etdirən plan üzrə baş verib. Yəni, Prezident İlham Əliyev sübut etdi və göstərdi ki, ərazi bütövlüyü və süverenlik yarımçıq olmaz, ola bilməz. O ya tam olmalıdır, ya da tam olmalıdır”.

Mission News Theme by Compete Themes.