Press "Enter" to skip to content

10-cu Sammit tarixi çıxışlarla yadda qalır

Astana sammiti

Son yeniləmə: 3 Noyabr 2023 13:21

Dövlət başçıları Astana Aktını və Astana Zirvə Toplantısının Bəyannaməsini imzalayıblar

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi noyabrın 3-də Astanada TDT Dövlət Başçılarının 10-cu Sammiti keçirilir.

10-cu Sammit – yeni dövrün başlanğıcı

Sammitə ev sahibliyi edən Qazaxıstanın Prezidenti Qasım-Jomart Toqayev çıxışında deyib ki, türk dövlətlərinin sinxron inkişafını təmin etmək vacibdir.

Qazaxıstan Prezident Adminstrasiyasının Telegram kanalında verilən məlumata görə, Qasım-Jomart Toqayev, həmçinin “Dövlətlərimizin standartlarını və terminologiyasını sistemləşdirməyi məqsədəuyğun hesab edirik. Bununla əlaqədar olaraq sizi nümunə qanun layihəsini ən qısa zamanda nəzərdən keçirərək, təsdiqləməyə çağırıram” deyib.

Sammitə çıxış edən Azərbaycan Preizdenti İlham Əliyev “Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir. Son iki il ərzində mən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfər etmişəm. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər. Oktyabr ayında Şuşa şəhərində Birinci Türk Dünyası Mədəniyyət Forumu təşkil edilmişdir. Fürsətdən istifadə edərək, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə verdiyiniz dəstəyə görə minnətdarlığımı bildirirəm” deyib.

Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan isə çıxışında Kuzey Kıbrıs Türk Cümhuriyyətinin iştirakı məsələsinin üzərində xüsusi olaraq dayanıb: “Kuzey Kıbrıs Türk Cümhuriyyəti əvvəlki sammitlərə müşahidəçi qismində qoşulub, bu tarixi qərar idi və bu qərarı qəbul etdiyiniz üçün sizə təşəkkür edirəm. Bununla türk dünyası hamıya göstərdi ki, türk kiprliləri təcrid olunmalarına baxmayaraq, tək deyillər və onlarla həmrəylik göstərmək bizim öhdəliyimizdir. Onlar bizim böyük türk ailəmizin tərkib hissəsidir. Ümid edirəm ki, növbəti sammitimizdə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin nümayəndələrini görəcəyik. Mən bu məsələdə sizə inanıram. Həmçinin, Türkmənistanı təşkilatımızın tamhüquqlu üzvü olaraq görmək istərdim”.

Sammit digər ölkə başçılaırnın çıxışı ilə davam edib. Həmçinin TDT-yə sədrlik Özbəkistandan Qazaxıstana keçib.

Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçıları Astana Aktını və Astana Zirvə Toplantısının Bəyannaməsini imzalayıblar.

Mission News Theme by Compete Themes.