BAYRAQDAR MEDİA – Noyabrın 1-i saat 19:00-da Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi, Türkiyə Milli Müdafiə Nazirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, İstanbuldakı Hərb Muzeyi (Harbiye Askeri Müzesi ve Kültür Sitesi Komutanlığı), Türkiyənin Azərbaycandakı Səfirliyi, Bakı Yunus Emre İnstitutu və bp-nin təşkilatçılığı ilə “Uzun Həsən – Ağqoyunlu dövlətinin hökmdarı” adlı sərginin açılış mərasimi keçirilib.
Tədbirdə öncə HƏM-nin Tədbirlərin və Sərgilərin Təşkili Departamentinin direktoru, Əməkdar mədəniyyət işçisi Əminə Məlikova hər kəsi salamlayıb, bu il Ağqoyunlu hökmdarı Uzun Həsənin anadan olmasının 600-cü ildönümü olduğunu diqqətə çatdırıb. O həm də 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev ili” olduğuna da toxunub.
Sonra Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, Yunus Emre İnstitutunun rəhbəri Şeref Ateş, Türkiyə Dövlət Arxiv İdarəsinin sədri Uğur Ünal çıxış edərək U.Həsənin Azərbaycan tarixindəki rolu və sərgidəki esponatlar haqqında məlumat veriblər.
Daha sonra sərginin açılışı olub, eksponatlara baxış keçirilib.
Sərgidə Ağqoyunlu dövlətinə məxsus sikkələr, arxeoloji qazıntılar nəticəsində tapılan keramika nümunələri, mis əşyalar və s. yer alıb. Sərgidəki bir çox nadir eksponatlar, o cümlədən İstanbuldakı Hərb Muzeyində saxlanılan və indiyə qədər Türkiyə hüdudlarından kənara çıxarılmayan tarixi nümunələr ilk dəfədir Azərbaycanda təqdim edilir. Həmçinin bu, U.Həsənə həsr olunmuş ilk sərgidir.
Qeyd edək ki, sərgi çərçivəsində HƏM tərəfindən Azərbaycan və ingilis dillərində “Ağqoyunlu dövlətinin hökmdarı – Uzun Həsən” adlı kitab da hazırlanıb.
Sərgi 2024-cü il 17 yanvar tarixinədək davam edəcək.