BAYRAQDAR MEDİA – Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin rəis müavini Tural Vəlibəyov tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 50-yə yaxın gənc əməkdaşına korrupsiya ilə mübarizə sahəsində məlumatlılığın artırılması, antikorrupsiya davranış modelinin formalaşdırılması məqsədi ilə təlim keçirilib.
Bu haqda ETSN-nin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “təlim müddətində iştirakçılara korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və görülmüş tədbirlər, korrupsiya ilə əlaqədar hüquqpozmalar və onların subyektləri, bu növ hüquqpozmaların aşkar edilməsi və digər məsələlər ətrafında geniş məlumat verilib. İnteraktiv formatda keçirilən təlimdə əməkdaşların sualları cavablandırılıb”.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində ETSN tərəfindən müvafiq dövlət orqanları ilə birlikdə sistemli tədbirlər həyata keçirilir.