BAYRAQDAR MEDİA – Noyabrın 1-də Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyindən daxil olub.
Xəbərdə bildirilir ki, ““Təhsildən tərəqqiyə” devizi ilə təşkil olunan forumda iştirakçılarla işgüzar əlaqələrin qurulması, birgə layihələrin planlaşdırılması, həmçinin innovasiya ekosisteminin yaradılması, dövlət – özəl tərəfdaşlığı, təhsil və iqtisadiyyatın inteqrasiyası kimi mövzular üzrə müzakirələr, həmçinin iştirakçıları maraqlandıran sualların yerli və beynəlxalq mütəxəssislər tərəfindən cavablandırılması əsas hədəflərdəndir. Tədbirdə açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev təhsil sisteminin nailiyyətlərindən söz açıb. Nazir çıxışının sonunda forumun işinə uğurlar arzulayıb”.
Daha sonra Türkiyənin TED Universitetinin rektoru İhsan Sabuncuoğlu məruzə ilə çıxış edib.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun moderatorluq etdiyi “İnnovasiya ekosisteminin yaradılması” adlı ilk paneldə elm və təhsil naziri E.Əmrullayev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov çıxış ediblər.
Forumun ikinci paneli “Universitet – sənaye tərəfdaşlığı” mövzusuna həsr olunub.
Paneldən öncə “Bilişim Vadisi” Texnoparkının baş icraçı direktorunun müavini Tuba Öztepe məruzə ilə çıxış edib.
Forumun üçüncü paneli “Gələcək üçün təhsil” mövzusuna həsr olunub.
Panel çərçivəsində ömürboyu təhsil, əmək bazarının dəyişən tələbləri, süni intellekt və təhsil mövzularından bəhs olunub.
Qeyd edək ki, “Təhsildən tərəqqiyə” devizi ilə təşkil olunan forum “NEQSOL Holding”, “bp” şirkəti, SOCAR, Sumqayıt Texnologiyalar Parkı, Azərbaycan Beynəlxalq Bankı, “Azersun Holding” və “BestComp Group”un sponsorluğu ilə keçirilib.