BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanası ilə V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanası arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə deyilir ki, “kitabxana informasiya, kitab mədəniyyəti, kitabxanaşünaslıq və biblioqrafiya sahəsində elmi-təşkilati, elmi və tədqiqat fəaliyyətinin inkişafı məqsədi daşıyan müqaviləni MEK-in baş direktoru, Prof. Məmməd Əliyev, qarşı tərəfdən isə direktor Lyubov Dubrovina imzalayıblar. Əməkdaşlıq sazişi hər iki kitabxananın kolleksiyalarından kitab sərgilərinin təşkilini, birgə layihələri işləyib hazırlamaq və həyata keçirmək, qarşılıqlı maraq doğuran kitabxana-informasiya fəaliyyəti ilə bağlı müntəzəm sənəd və məlumatların mübadiləsini aparmaq, beynəlxalq layihələrdə iştirak etmək, birgə materialları dərc etmək və s. istiqamətləri nəzərdə tutur”.
Qeyd edək ki, MEK hazırda 41 ölkənin 104 təşkilatı ilə (kitabxana, elmi jurnal və s.) beynəlxalq tərəfdaşlıq əlaqələrini uğurla davam etdirərək öz fondlarını daha da genişləndirir.