Son yeniləmə: 2 Noyabr 2023 09:49
BAYRAQDAR MEDİA – Noyabrın 1-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə Havana şəhərinin tarixi “Teatro Marti” teatrında Azərbaycan Muğam Konserti keçirilib. Konsert Kubada “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlərin davamı olaraq təşkil edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 2-də Azərbaycanın Kubadakı səfriliyindən məlumat verilib.
Bildirilib ki, “konsert UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Azərbaycanın Kubadakı səfirliyinin birgə təşkilatçılığı, Kuba Mədəniyyət Nazirliyi və Tarixi Havana Şəhər İdarəsinin dəstəyi ilə keçirilib. Tədbirdə Kuba XİN-in, Kuba Mədəniyyət Nazirliyinin, diplomatik korpusun və KİV-in nümayəndələri, o cümlədən yerli ictimaiyyətin üzvləri iştirak edib”.
Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev tədbirdə çıxış edib.
Məlumata gırə, səfir müasir Azərbaycan tarixinin müdrik dövlət xadimi və uzaqgörən siyasətçi, müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, onun ideyaları və strategiyasının ölkəmizin keçmiş, indiki və gələcək inkişafının əsasını təşkil etdiyini söyləyib: “Tədbir iştirakçılarına, habelə, Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 8 noyabr Zəfər Bayramı haqqında məlumat verən səfir, ölkəmizin ərazi bütövlüyünün bərpasının rəmzi tarixi olan bu günün Azərbaycanda böyük təntənə ilə qeyd olunduğunu bildirib. R.Rzayev, həmçinin, muğamın Azərbaycanın musiqi mədəniyyətində tutduğu müstəsna yeri və 2008-ci ildə Azərbaycan muğamının UNESCO-un Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edildiyini vurğulayıb”.
Daha sonra “Qarabağ” musiqi qrupunun rəhbəri görkəmli xanəndə, Xalq artisti Mənsum İbrahimov, Xalq artisti Elçin Həşimov (tarzən), əməkdar artistlər Elnur Əhmədov (kamança) və Kamran Kərimovun (nağara) ifasında Azərbaycan muğamının inciləri, xalq mahnıları, o cümlədən Kuba musiqi nümunəsi səsləndirilib.
Tamaşaçıların böyük marağına səbəb olan musiqiçilərin ifası gurultulu alqışlarla qarşılanıb.