BAYRAQDAR MEDİA – Oktyabrın 31-də Azərbaycan Dövlət Pantomim Teatrının Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında psixo-plastik düşüncədə hazırladığı “Manqurt” tamaşası nümayiş olunub.
İdeyası Xalq artisti Bəxtiyar Xanızadəyə məxsus olan tamaşanın rejissoru və musiqi tərtibatçısı Ceyhun Dadaşov, rəssamı Əməkdar artist Nargilə Qəribovadır. Həmçinin teatrın baş rejissoru B.Xanızadədir. Tamaşada Ceyhun Dadaşov, Əli Əlizadə, Elnur İsmayılov, Nurlan Rüstəmov, Elxan Şahalıyev, Cavad Nuriyev, Nargilə Qəribova, Səbinə Hacıyeva, Nuridə Musabəyli, Əməkdar artist Səbirə Həsənova, Solmaz Bədəlova, Oqtay Kazımov rol alıb.
Teatrın direktoru, Əməkdar artist Elman Rəfiyev tamaşa haqqında bildirib ki, tamaşanın ilk dəqiqələrindən manqurtlaşmış bir cəmiyyətlə qarşılaşırıq: “Hansısa bir ritual keçirən, ümumi kütlənin hərəkət etdiyi istiqamətdə hərəkət edən, fərdi düşünməyi unudan bir cəmiyyət görürük. Bu tamaşada manqurt olmaq üçün yalnız başının keçəl qırxılaraq üstünə dəvə dərisi çəkilməsinin və günəşin altında günlərlə saxlanaraq beyinin qurudulmasına ehtiyac olmadığının şahidi oluruq. Çünki beyini qurutmaq, insanı manqurta çevirmək üçün başqa yollar da var. Tamaşa məhz bu məqama toxunur və o fikirlərə aydınlıq gətirir. Tamaşada fərdiliyin, individuallığın silinməsi üçün dəblərin, trendlərin necə güclü silah olduğunu görürük. Həm də tamaşa boyunca bütün bu insanları idarə edən bir personaj da var. O, hər kəsi istədiyi istiqamətə yönəldir. O personaj tək-tək kimin isə oyanmağa, insaniləşməyə, fərdiləşməyə çalışdığını görəndə hansısa variantlarla bunun qarşısını alır. Ta ki, hər kəsi istədiyi hala gətirənə qədər. Ən sonda həmin sirli adam öz simasını açanda görürük ki, heç o da bizim düşündüyümüz qədər azad deyil. Sadəcə bunlardan fərqli bir dəstəyə aiddir”.
Qeyd edək ki, tamaşa saat 19:00-da Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında göstərilib.