BAYRAQDAR MEDİA – Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) qərargahların və şəxsi heyətin döyüş bacarığının təkmilləşdirilməsi məqsədi ilə komanda-qərargah təlimi keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə deyilir ki, “təlim ssenariyə uyğun olaraq birləşmə, hissə və bölmələrin müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi məqsədi ilə döyüş təyinatlı rayonlara çıxarılması ilə başlanılıb. Təlimin növbəti mərhələsi idarəetmə məntəqlərinin açılması, qərargahlar tərəfindən əməliyyatların planlaşdırılması, qərarların qəbul olunması üçün zəruri hesabatların aparılması, bölmələr arasında qarşılıqlı əlaqənin saxlanılması və hərtərəfli təminatın təşkili üzrə tədbirlərin yerinə yetirilməsi ilə davam etdirilib. Taktiki fəaliyyətlərin praktiki icra mərhələsində artilleriya bölmələri düşmənin ön xətt və dərinlikdə yerləşən mövqelərinə atışlar icra ediblər”.
Təlimin sonunda icra edilmiş fəaliyyətlərin təhlili aparılıb. Yekunda bildirilib ki, təlimdə qarşıya qoyulmuş tapşırıqlar tam həcmdə yerinə yetirilib, komandir və qərargahların döyüşü idarəetmə vərdişlərinin daha da təkmilləşdirilməsi istiqamətində böyük təcrübə qazanılıb.