BAYRAQDAR MEDİA – Müxtəlif sosial şəbəkə profillərində bəzi şəxslərin Mətbuat Şurasına məxsus olduğu iddia edilən, üzərində “PRESS” yazılmış və Şuranın loqosunun əksini tapdığı gödəkçələrdə media prinsiplərinə zidd fəaliyyət gerçəkləşdirdiyinə dair fikirlər və görüntülər paylaşılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MŞ-dan daxil olub.
Xəbərdə deyilir ki, “Şura bununla əlaqədar gödəkçələrin verilməsinin dayandırdığını bildirib. Qeyd edək ki, gödəkçələr fərdi şəxslərə deyil, möhürlü və imzalı müraciət əsasında redaksiyalara verilib. Lakin Şura belə sadə prosedurun media fəaliyyəti həyata keçirdiyini bildirən təsadüfi şəxslərin də gödəkçələri əldə edə bilməsinə yol açdığını müəyyənləşdirib. Buna görə gödəkçələrin verilməsi dayandırılıb”.
Sonra xəbərdə bildirilir ki, “MŞ həmçinin gödəkçələrin bənzərlərinin ayrı-ayrı şəxslər tərəfindən fərdi qaydada hazırlandığını da müəyyənləşdirib. Hazırda yayılmış görüntülərdə bu tip şəxslər əks olunub. Şura bildirir ki, gödəkçələr jurnalistlərin kütləvi aksiyalarda, ümumən ekstremal durumlarda peşə borclarını sərbəst yerinə yetirmələri, fərqlənmələri üçündür və heç bir halda media fəaliyyətindən kənar məqsədlər naminə istifadə edilə bilməz. Jurnalist adından sui-istifadə, təmənnalı münasibət və digər xoşagəlməz hallar “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na zidd olmaqla yanaşı, hüquqi məsuliyyət də yaradır. Şura hər kəsi bunu nəzərə almağa çağırır. “PRESS” gödəkçələrin yeni variantı və redaksiyalara verilməsi qaydaları hazırlanır. Yaxın vaxtlarda bununla bağlı şərtlərin açıqlanması planlaşdırılır”.