Press "Enter" to skip to content

9 ayda altmış iki mindən çox reabilitasiya vasitəsi verilib

Son yeniləmə: 31 Oktyabr 2023 11:50

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin 9 ayında əlilliyi olan şəxslərə ötən ilin müvafiq dövrünə nisbətən 42 faiz çox olmaqla 62,5 min reabilitasiya vasitəsi verilib.

Bu barədə Nazirlikdən məlumat verilib.

Məlumata əsasən, onlardan 2247-i təkərli oturacaq, 309-u mühərrikli təkərli oturacaq, 1830-u aşağı və yuxarı ətraf, habelə 363 döş protezi (süd vəzi protezi) və 1267 eşitmə aparatı olub: “Həmçinin əlilliyi olan şəxslərə 2 min 305 cüt protez ayaqqabı, 5 min 174 yarım cüt ortopedik ayaqqabı, 50 səsli tonometr, 48 səsli tibbi termometr, 134 korset, 2 min 61 qoltuqaltı və dirsəkaltı ağac, 133 hərəkətli qaldırıcı qurğu və s. reabilitasiya vasitələri təqdim edilib. Yanvar-sentyabr aylarında ümumilikdə 8,2 min şəxs reabilitasiya vasitəsi ilə təmin edilib. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı son nəsil protezlərlə təminatı işləri bu il də davam edib.

Ümumilikdə, 44 günlük Vətən müharibəsindən sonra sosial dəstək proqramı çərçivəsində müharibə ilə əlaqədar əlilliyi olan 439 şəxs 458 ədəd yüksək texnologiyalı müasir protezlə təmin edilib, müharibə ilə əlaqədar əlilliyi olan 2 min şəxsə isə 44,6 min reabilitasiya vasitəsi verilib”.

Mission News Theme by Compete Themes.