BAYRAQDAR MEDİA – Oktyabrın 31-dən noyabrın 4-dək Şuşada və Bakıda I Beynəlxalq TÜRKSOY Teatr Festivalı keçiriləcək.
Bu haqda Mədəniyyət Nazirliyinin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “festival Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibəti ilə gerçəkləşəcək. Festivalda TÜRKSOY-a üzv ölkələr – Özbəkistandan Səmərqənd Musiqili Dram Teatrı, Qırğızıstandan Kasımalı Cantoşev adına İssıkgöl Musiqili Dram Teatrı, Qazaxıstandan Türküstan Musiqili Dram Teatrı, Türkiyədən İstanbul Dövlət Teatrı və Məxdumqulu adına Türkmənistan Dövlət Musiqili Dram Teatrının kollektivləri iştirak edəcək. Festivalda həmçinin Türk dünyasının tanınmış teatr mütəxəssisləri, səhnə xadimləri bir araya gələcək, qardaş ölkələrdə bu sahənin inkişaf məsələləri müzakirə olunacaq”.
Tədbir çərçivəsində Şuşada TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərləri şurasının 9-cu toplantısının da keçirilməsi planlaşdırılır.