Press "Enter" to skip to content

Endokrinoloq qalxanabənzər vəzi haqda danışıb

Oqtay Hüseynov

Son yeniləmə: 30 Oktyabr 2023 13:21

Səhiyyə Nazirliyinin mütəxəssisi, endokrinoloq Oqtay Hüseynov: “Alkoqol, siqaret çəkmə, zəhərli maddələrlə nəfəs almaq qalxanabənzər vəzinin normal funksiyasını pozan amillərdir”

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyinin mütəxəssisi, endokrinoloq Oqtay Hüseynov qalxanabənzər vəzi, onun fəaliyyəti və s. haqda məlumat verib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “o, öncə qalxanabənzər vəzinin insan orqanizminin normal funksiyasına nə kimi təsir etdiyi haqda danışıb. Bildirib ki, qalxanabənzər vəzi boynun ön hissəsində yerləşən, kəpənəyə bənzər orqandır, endokrin sistemin bir hissəsidir. Həmçinin deyib ki, qalxanabənzər vəzi metabolizm ilə yanaşı digər orqanlara da təsir göstərir, beyin funksiyalarının inkişafını təmin edir. Eyni zamanda, sinir, skelet-əzələ sisteminin inkişafına, ürəyin yığılma gücü və sayına, karbohidrat metabolismə, orqanizmin termorequlyasiyasına, tiroid hormonlara, iştah və çəkiyə təsir göstərir”.

O.Hüseynov qalxanabənzər vəzinin funksiyası pozulduqda orqanizmdə hansı fəsadlar müşahidə olunduğunu da diqqətə çatdırıb: “Qalxanabənzər vəzinin xəstəliklərindən xəbər verən bir çox simptomlar var. Bu simptomlar vəzin hiper və ya hipofunksiyasınnan asılıdır.

Tiroid vəzin normadan çox işləməsi – hipertireoidizm, tiroid vəzin normadan az işləməsi isə hipotireoidizm adlanır. Hipertireoidizm – qalxanvari vəzidə T3 və T4 hormonlarının hər ikisinin və ya birinin sintezinin artmasıdır. Hipertireoidizm, yəni vəzin hiperfunksiyası, aşağıdakı əlamətlərlə özünü biruzə verə bilər: tərləmə, əllərdə əsmə, iştahın artması, əsəbilik, yuxusuzluq, diqqətin azalması, gözlərin bərəlməsi, iki görmə, işığa həssaslıq, arterial təzyiqin yüksək olması, ürək ritminin pozulması-aritmiya, çəkinin azalması, ürək döyüntülərinin sayının artması, yuxuya getmədə çətinlik, saçların incəlməsi, tökülməsi və s. Hipotireoidizm – orqanizmin kifayət qədər tireoid hormonlarını sintez edə bilməməsidir. Hipotireoidizm isə özünü aşağıdakı əlamətlərlə biruzə verə bilər: halsızlıq, qəbizlik, dəridə quruluq, çəkinin artması, üzdə, əllərdə, ayaqlarda şişkinlik, səsin batması, əzələlərdə zəiflik, oynaqlarda ağrı, cinsi zəifliyin yaranması və s. Hipertireoidizm və hipotireoidizm əksər hallarda dərmanla müalicə edilən xəstəliklərdir. Bəzi hallarda isə bu xəstəliklərin müalicəsi cərrahi yolla həyata keçirilir”.

Mütəxəssis qalxanabənzər vəzinin ölçüsü həddən artıq böyükdürsə, qidalanma və danışarkən udqunmada çətinlik törədirsə, boğulma, sıxılma, təngnəfəslik kimi şikayətlər verirsə, tiroid vəzidə olan düyünlərin kiçik olmasına baxmayaraq bədxassəlilik riski daşıyırsa, qalxanabənzər vəzin ölçüsünün böyük olması riskli vəziyyət yaratmadığı halda kosmetik problem yaradarsa cərrahi müalicənin seçildiyini qeyd edib: “Qalxanabənzər vəzinin xoşxassəli şişinin çox miqdarda tiroid hormonu istehsal etdiyi toksik adenoma xəstəliyində də cərrahi metodlardan istifadə olunur. Əməliyyat üçün göstərişlərdən biri də biopsiya ilə təsdiqlənən qalxanabənzər vəzin xərçəngidir. Erkən diaqnoz və şişin vaxtında çıxarılması ilə yaxşı nəticələr əldə edilə bilər”.

Endokrinoloq onu da deyib ki, xəstə əməliyyatdan sonra əməliyyatı icra etmiş cərrah və endokrinoloqun nəzarətində olmalıdır, əməliyyatdan sonra xəstə həkimin təyin etdiyi vaxtlarda mütəmadi olaraq laborator analizlər (tiroid vəzin hormonları) verməli və USM-dən keçməlidirlər.

Mission News Theme by Compete Themes.