Press "Enter" to skip to content

“Ənənəvi musiqi janrları” müzakirə olunub

Forumdan görüntü

BAYRAQDAR MEDİA – Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində keçirilən Musiqi Forumu oktyabrın 29-da günün ikinci yarısında “Ənənəvi musiqi janrları” mövzusunda növbəti panellə işini davam etdirib.

Bu haqda Mədəniyyət Nazirliyinin yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “paneldə “Muğam sənəti: dəstgah ənənəsi və sərbəst kompozisiya”, “Aşıq musiqisi ənənələrinin canlandırılması yolları”, “Ənənəvi musiqi nümunələrinin toplanması və sistemləşdirilməsi problemləri”, “Ənənəvi musiqi ifaçılığında problemlər və onların dəyərləndirilməsi”, “Azərbaycan milli musiqi ənənələrinin müasir musiqi janrlarında mövcudluğu və problemlər” mövzularında müzakirələr aparılıb. Musiqişünas, “Media FM” radiosunun direktoru Rüstəm Əliyevin moderatorluğu ilə gerçəkləşən paneldə bəstəkar, Xalq artisti, Milli Konservatoriyasının rektoru, Prof. Siyavuş Kərimi ibtidai musiqi təhsili, orta ixtisas musiqi məktəblərindən gələn tələbələrin potensialından söz açıb. Rektor kadrların işlə təminatı, ölkədə musiqiçilərin ümumi durumundan bəhs edib”.

Sonra xəbərdə, “musiqişünas, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun baş elmi işçisi, Prof. Nailə Rəhimbəyli aşıq yaradıcılığı, onun müasir dövrə, yeni yaradıcı düşüncəyə inteqrasiyası barədə danışıb. O, ustad-şagird münasibətlərinin əhəmiyyətini vurğulayıb, aşıq sənəti ilə bağlı tədris vəsaitlərinin azlığına diqqət çəkib. UNESCO-nun qeyri-maddi mədəni irs üzrə eksperti, musiqişünas, Əməkdar incəsənət xadimi Sənubər Bağırova çıxışında muğam sənəti, onun araşdırılması və müasir vəziyyətindən söz açıb. O, müasir muğam və aşıq sənətlərinin inkişaf məsələlərindən danışıb”.

Çıxışlardan sonra suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Musiqi Forumu 30-31 oktyabr tarixlərində panel müzakirələrlə işini davam etdirəcək.

Mission News Theme by Compete Themes.