BAYRAQDAR MEDİA – Oktyabrın 27-də saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında teatrın və Bakı Xoreoqrafiya Akademiyasının birgə layihəsi olan Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “El bilir ki, sən mənimsən” adlı tədbir keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra teatrın aktyorları Xalq şairi Səməd Vurğunun “Azərbaycan” poemasından, eləcə də H.Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər. Bundan əlavə Bakı Xoreoqrafiya Akademiyasının tələbələri tərəfindən “Küçələrə su səpmişəm”, “Alagöz”, “Yeddi gözəl”, “Ay Laçın”, “Azərbaycan” mahnılarının sədaları altında rəqslər təqdim edilib”.
Qeyd edək ki, rejissoru Əməkdar artist Nicat Kazımov olan tədbirdə teatrın 55 aktyoru, Bakı Xoreoqrafiya məktəbinin isə 80-ə yaxın tələbəsi iştirak edib. Tədbirdə Leyla Əliyevanın, Zəlimxan Yaqubun, Rafiq Yusifoğlunun, Elvin Elxanoğlunun, Qabil Ədalətin, Həsən Şirinovun, Zəminə Bayramovanın, Elşad Baratın şeirlərindən, Üzeyir Hacıbəylinin, Hacı Xanməmədovun, Eldar Mansurovun bəstələrindən istifadə olunub.