BAYRAQDAR MEDİA – Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə cari ilin 23-26 oktyabr tarixlərində Özbəkistanın Daşkənd və Xarəzm vilayətlərində keçirilən “Azərbaycan mədəniyyəti və poeziyası həftəliyi” çərçivəsində Xarəzm Vilayətinin Urgənc şəhərində Urgənc Dövlət Universitetində Azərbaycanın tanınmış ədəbi və ictimai xadimi Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzinin açılışı olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.
Xəbərdə deyilir ki, “Y.V.Çəmənzəminli adına Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzinin rəsmi açılış lenti kəsildikdən sonra yaradılan Mərkəzlə tanışlıq olub. Mərkəzdə Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatına aid kitablar, nəşrlər, disklər, dövlət atributları yerləşdirilib, habelə, lazımi avadanlıq, kitab şkafları və ofis mebeli ilə təchiz edilib. Yeni yaradılmış Mərkəzdə Azərbaycana dair mini kitabxana, tədbirlər, mühazirə və seminarların keçirilməsi nəzərdə tutulub”.
Sonra xəbərdə, “öncə çıxış edən Urgənc Dövlət Universitetinin rektoru, Prof. Baxrom Abdullayev qardaş Azərbaycanla münasibətlərin inkişafından məmnun olduğunu, belə bir mərkəzin yaradılmasının universitet üçün mühüm hadisə kimi qiymətləndirib. Rektor Özbək gənclərinin Azərbaycan mədəniyyəti, tarixi, ədəbiyyatının öyrənilməsi, hər iki ölkə arasında mədəni, ədəbi əlaqələrin daha da möhkəmləndirilməsində sözügedən mərkəzin mühüm rol oynayacağına əminliyini ifadə edib. AMM-nin direktoru Samir Abbasov Azərbaycan-Özbəkistan mədəni əlaqələrindən söz açaraq bu sahədə AMM-nin həyata keçirdiyi layihələr haqqında məlumat verib. O, Azərbaycanın tanınmış yazıçısı Y.V.Çəmənzəminli haqqında məlumat verərək məhz vaxti ilə onun pedaqoji fəaliyyət göstərdiyi bu universitetdə ədibin adını daşıyacaq belə bir mərkəzin açılmasını Azərbaycan mədəniyyəti və ədəbiyyatı üçün əhəmiyyətli hadisə kimi qeyd edib” deyə bildirilir.
Qeyd edək ki, Y.V.Çəmənzəminli 1938-40-cı illərdə Urgənc Dövlət Universitetində (o zamanlar Urgənc Pedaqoji Institutu) müəllim kimi fəaliyyət göstərib.
Sonda B.Abdullayevə Azərbaycanın zəngin mədəniyyətini, xalqın istedadını nümayiş etdirən xalçaçılıq sənətinə dair İrəvan xalçaları nəfis kitabı hədiyyə edilib.