Press "Enter" to skip to content

“Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası” çərçivəsində görüş

Xatirə şəkli

BAYRAQDAR MEDİA – Azərbaycan Səhiyyə Nazirliyində “Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası” çərçivəsində özbəkistanlı həmkarları ilə birgə tibbi əməliyyatlar keçirmək üçün Özbəkistana ezam olunan həkim mütəxəssislərlə görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirlikdən daxil olub.

Xəbərdə deyilir ki, “görüşdə ilk növbədə Azərbaycan və Özbəkistanın səhiyyə sahəsinin inkişafına xidmət edəcək bu tədbirin keçirilməsində göstərilən yüksək dəstəyə görə, Heydər Əliyev Fonduna və ölkənin birinci vitse-prezidentinə minnətdarlıq ifadə edilib. Sonra səhiyyə naziri Teymur Musayev uğurlu cərrahiyyə əməliyyatları və tibbi müayinələr apardıqlarına görə həkimlərə təşəkkürünü bildirib”.

“Dekada çərçivəsində birgə aparılan uğurlu cərrahi əməliyyatlar, müalicə və müayinə tədbirlərinin hər iki ölkənin həkim mütəxəssislərinin praktiki tibbi təcrübə mübadiləsinin həyata keçirilməsi, peşəkarlıq, bilik və bacarıqlarının artırılması ilə yanaşı əhalinin yüksək səviyyədə sağlamlığının qorunmasında mühüm addımdır” – deyə nazir vurğulayıb.

Daha sonra xəbərdə, “həyata keçirilən tədbirlər barədə məlumat verən həkimlər bildiriblər ki, dekada çərçivəsində Azərbaycandan olan 14 həkim tərəfindən özbəkistanlı həmkarları ilə birgə yerli əhaliyə müasir tibbi avadanlıqlar vasitəsi ilə, yüksək peşəkarlıqla 100-dən artıq müxtəlif cərrahiyyə əməliyyatları icra edilib, müayinə və müalicələri həyata keçirilib. Paytaxt Daşkəndlə yanaşı Özbəkistanın Səmərqənd, Xarəzm, Buxara, Nəvai və digər bölgələrində neonatal minimal invaziv cərrahiyyə, uşaq cərrahiyyəsi, transplantologiya, minimal invaziv laparoskopik və histeroskopik cərrahiyyə, travmatologiya və ortopediya, onkologiya, oftalmologiya və ağır rekonstruktiv əməliyyatların icra edildiyi bildirilib” deyə qeyd edilir.

Sonda dekada çərçivəsində tibbi əməliyyatların keçirilməsi üçün Özbəkistana ezam olunan həkim mütəxəssislər Səhiyyə Nazirliyinin diplomları ilə təltif ediliblər.

Mission News Theme by Compete Themes.