Press "Enter" to skip to content

MEK-in baş direktoru görüləcək işlərdən danışdı

Prof. Məmməd Əliyev

BAYRAQDAR MEDİA – AMEA Rəyasət Heyətinin 18 yanvar 2023-cü il tarixli 3/2 nömrəli qərarı ilə Rəyasət Heyəti aparatının strukturunda “Elektron Akademiya” şöbəsi yaradılıb. Bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi və sistemliliyin təmin edilməsi məqsədi ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında da Elektron xidmətlər şöbəsi yaradılması haqqında AMEA prezidenti, akademik İsa Həbibbəyli qərar imzalayıb. Qərara uyğun olaraq MEK-də Elektron xidmətlər şöbəsi yaradılıb.

Kitabxananın baş direktoru, Prof. Məmməd Əliyev budəfəki müsahibədə həmin şöbə, MEK rəhbərliyinin Türkiyə səfəri, həmçinin yaxın günlərdə görüləcək işlər haqda BAYRAQDAR MEDİA-ya müsahibə verib: “Bildirim ki, Akademiyanın prezidenti, akademik İsa Həbibbəylinin qərarına uyğun olaraq bütün AMEA strukturlarında, həmçinin bizim kitabxanada da Elektron xidmətlər şöbəsi yaradıldı. Artıq şöbənin əməkdaşları təyin olunub, şöbə formalaşıb. Həmçinin şöbə proqram təminatı, texniki avadanlıqla mərkəzləşmiş qaydada təmin olunub”.

Professor keçən günlərdə qardaş Türkiyəyə olan səfər haqda da təəssüratlarını bölüşüb: “Biz Türkiyənin Ankara şəhərində beynəlxalq konfransda olduq. Konfransda mən “Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Heydər Əliyev irsi” adlı məruzə ilə çıxış etdim. Sonra biz Türkiyədə Türk Dünyası Kitabxanaçılar Vəqfinin üzvü olduq. Onu bildirim ki, biz Azərbaycandan oranı ziyarət edən ilk kitabxana təmsilçiləri idik. Həmin müəssisəyə Heydər Əliyev, dövlətçilik, Zəfər tarixi və bu istiqamətdə müxtəlif nəşrlər təqdim etdik. Qeyd edim ki, 2024-cü ilin mart ayında onlar Bütün Türk Dünyası Kitabxanaçılarının Qurultayını keçirəcəklər və bizim də onlarla həmin Qurultay istiqamətində söhbətimiz oldu. Bundan əlavə biz Türkiyə Böyük Millət Məclisinin kitabxanasında və arxivində olduq. Ora ilə də geniş tanışlığımız oldu və oraya da müxtəlif kitablar təqdim etdik. Digər görüşümüz isə Türkiyə Adnan Ötüken Xalq Kitabxanası və Türkiyə Tarix Muzeyində keçdi. Ümumən isə Türkiyə səfərindən çox gözəl təəssüratlarla Vətənə döndük. Ümid edirik ki, yeni səfərlərimiz də olacaq”.

Prof. Məmməd Əliyev görüləcək işlər haqqında danışarkən
Prof. Məmməd Əliyev görüləcək işlər haqqında danışarkən

Söhbət əsnasında M.Əliyev MEK-də yaxın günlərdə görüləcək işlərdən də danışıb: “Bilirsiniz ki, bu il ölkəmizdə Heydər Əliyev ilidir. Bizim kitabxanada da bu il ərzində bir çox işlər görüldü və hələ də irəlidəki günlərdə sözügedən istiqamətdə yeni işlərimiz olacaq. Tərəfimizdən Heydər Əliyevin biblioqrafiyası hazırlanıb, eləcə də Heydər Əliyevin müdrik kəlamları audio formada Azərbaycan və ingilis dillərində hazırdır. Bildiyiniz kimi, bu il Zərifə xanım Əliyevanın da 100 illiyi idi və bu 100 illiyə onun biblioqrafiyasının yeni nəşrini hazırladıq. Onu da deyim ki, hazırda Heydər Əliyevin 100 illiyi ilə bağlı “Multikultural cəmiyyətdə kitabxanaların rolu” adlı beynəlxalq konfransa hazırlaşırıq. Bir də ilin sonunda AMEA prezidenti, akademik İsa Həbibbəylinin tapşırığı ilə Heydər Əliyev ili çərçivəsində geniş miqyaslı son bir iclas keçiriləcək. Habelə, kitabxanamızın Elektron resurslar şöbəsinin “Heydər Əliyev – 100” məqalə layihəsi vardı. Yəni qeyd etdiyim şöbənin əməkdaşları Vikipediyada Heydər Əliyev mövzusunda 100 məqalə yaradıblar. Yaxın günlərdə həmin məqalələrin təqdimat tədbirini də keçirəcəyik. Onu da xüsusi vurğulayım ki, Vikipediya bizim üçün prioritet istiqamətlərdən biridir. Çünki bu resurs dünyaya öz haqq səsimizi, öz həqiqətlərimizi çatdırmaqda mühüm rola malikdir”.

Həmçinin baş direktor qeyd edib ki, rəhbəri olduğu müəssisədə oktyabrın 30-u saat 15:00-da Zəfər gününə həsr olunmuş “Ulu öndər Heydər Əliyevin hərb siyasətinin zəfəri” adlı lektoriya keçiriləcək.

Mission News Theme by Compete Themes.