BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi Ümummilli lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində regionlara təşkil olunan qastrol səfərlərini davam etdirir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Dövlət Kukla Teatrının mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır. Layihə çərçivəsində Kukla Teatrı oktyabrın 26-da “Məlikməmməd” tamaşası ilə Yevlax Şəhər Mədəniyyət Mərkəzində çıxış ediblər. Azərbaycan xalq nağılı əsasında hazırlanan eyniadlı tamaşa yevlaxlı balaca tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Nümunənin əsas ideyası uşaq və yeniyetmələrə cəsarət, dürüstlük və mübarizlik aşılamaqdır. Məlikməmməd məşhur nağıl personajı, cəngavərlik nümunəsidir”.
Daha sonra xəbərdə, “rejissor klassik nağılı İkinci Qarabağ müharibəsi, Azərbaycanı tarixi zəfəri ilə əlaqələndirməklə ona fərqli prizmadan baxmağa, dövrün real qəhrəmanları və hadisələri ilə bağlamağa nail olub. Birhissəli uşaq tamaşasının quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir. Musiqi tərtibatlı tamaşada Fikrət Əmirovun əsərlərindən istifadə olunub” deyə bildirilir.
Tamaşada rolları teatrın aparıcı aktyorları Səriyyə Mansurova, Aygül Ağayeva, Elgün Həmidov, Elnur Xəlilov və başqaları ifa ediblər.
Musiqi tərtibatlı tamaşa ənənəvi kukla üslubunda hazırlansa da bura uşaqlar üçün maraqlı olan müasir elementlər də daxil edilib.