Press "Enter" to skip to content

DTX da şikayətçidir…

Osman Gündüz

BAYRAQDAR MEDİA – Kritik informasiya infrastrukturuna daxil olan qurumların siyahıları indiyədək təsdiqlənməyib.

Yəni hələlik heç kim bilmir ki, hansı qurumların informasiya sistemlərində yaranmış problemlər həm də dövlətin, cəmiyyətin və vətəndaşların maraqlarının qorunmasında problemlər yaradacaq.

Bir neçə aydır ki, DTX və XRİTDX bu siyahını hökumətə təqdim edə bilmirlər ki, siyahılar açıqlansın.

Bu haqda oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov “Critical Infrastructure Defence Challenge 2023” tədbirində çıxışı zamanı bildirib.

Mövcud normalara görə qurumun kritik infrastruktura daxil olmasını müəyyən etmək üçün ona sorğu göndərilir.

Qurum da 30 gün ərzində sorğuya cavab verməlidir.

Lakin indi məlum olur ki, xeyli qurumlar bunu cavablandırmayıb.

Çox maraqlı məqamdır.

Düşünmək olar ki, bu qurumlar özəl sektora aiddir. Dövlət qurumlarının bunu gecikdirməsi ağlabatan deyil.

Məlum olduğu kimi kritik infrastrukturun təhlükəsizliyi ilə bağlı qanunvericiliyə görə bir çox özəl qurumlar da bu qanunun təsiri altına düşüb.

Xatırlayıram ki, o zaman bu məsələ müzakirə predmetinə çevrilmişdi.

Yəni özəl qurumlar da mövcud normalara görə özlərinin informasiya sistemlərinin və şəbəkələrinin dayanıqlılığı və təhlükəsizliyi ilə bağlı idarəetmə məsələlərini, sektorun səlahiyyətli qurumları olan DTX və XRİTDX ilə razılaşdırmalıdırlar.

Görünür ki, bəzi özəl qurumlar özlərinin informasiya və şəbəkə infrastrukturunun təhlükəsizliyinin DTX və XRİTDX-nin nəzarəti altına keçməsində maraqlı deyillər.

Yaxud da yeni normalar yeni xərclər tələb edir və biznes sektoru bu xərclərin ödənilməsini hökumətdən gözləyir.

Bu ləngimələrdə özəl sektorun kommersiya sirlərinin kiber provayderlər üçün açıq olmasından dolayı narahatçılıqları da ağlabatan görsənir.

Düşünürəm ki, kritik qurumların dayanıqlılığının təmin edilməsi indiki zamanda mühüm əhəmiyyət kəsb edir. Dünyada və regionda baş verən son hadisələr bir daha bunu göstərir.

İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik indiki məqamda milli təhlükəsizliyin əsas tərkib hissəsidir.

Əgər ölkədə kritik infrastrukturun yeni təhlükəsizlik normaları ilə bağlı problemlər varsa, biznes sektorunun prosesi ləngitməkdənsə təkliflər verməsi, müzakirə açması daha doğru olardı.

Əgər belə bir narahatçılıq yoxdursa, biznes qurumlarının kritik sektora aidiyyəti olması ilə bağlı DTX sorğularını ləngitməsi yolverilməzdir.

Mission News Theme by Compete Themes.