Press "Enter" to skip to content

Həm iştirakçılar, həm də çıxışçılar baxımından yaddaqqalan tədbir

Hulusi Kiliç

Son yeniləmə: 26 Oktyabr 2023 12:27

Huluci Kılıç: Türk dünyasının birliyinə aparan yolda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən reallaşdırılan siyasətin gələcək nəsillərə çatdırılması xüsusi önəm kəsb edir

BAYRAQDAR MEDİA – “2023-cü il türk dünyası üçün bir sıra əlamətdar hadisələrlə, tarixlərlə zəngindir. Bu il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümüdür. Məlum olduğu kimi hər iki tarixlə bağlı müxtəlif, özü də yaddaqalan tədbirlər keçirilir. Belə tədbirlərdən biri də oktyabrın 19-da Bakıda oldu”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

O, qeyd edib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) keçirdiyi “Türk dünyasının birliyində Heydər Əliyev amili” adlı beynəlxalq konfrans həm iştirkaçılar, həm də çıxışçılar baxımından yaddaqqalan bir tədbir oldu: “Mən deyərdim ki, türk dünyasının müxtəlif ölkələrindən olan diplomatların, siyasətçilərin, elm adamlarının, həmçinin ictimaiyyət nümayəndələrinin qatıldığı bu konfrans tarixə düşdü. Çünki bu tədbir bu günə qədər keçirilən eyniməzmunlu tədbirlərdən fərqlənirdi. Fərqlilik isə ondan ibarət idi ki, bu tədbirdə təkcə çıxışlar olmadı, həmçinin Ulu Öndər Heydər Əliyevin türk dünyasının birliyinə xidmət edən fəaliyyətinə, o cümlədən türk dünyasının həmrəyliyinə, Azərbaycanın zəfərinə həsr edilmiş rəsm müsabiqəsində finala çıxan əsərlər də sərgiləndi. Bu əsərlərin müəllifi olan məktəblilər mükafatlandırıldı. Mən “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) rəhbərliyini və üzvlərini təbrik edirəm. Çünki onlar dahi şəxsiyyətin türk dünyası qarşısındakı misilsiz xidmətlərini gənc nəslə çatdırmaq üçün gözəl bir addım atıblar. Yəni Heydər Əliyevin misilsiz fəaliyyətləri gələcək nəsillərə məhz məktəblilərin baxışları ilə çatdırılır. Digər tərəfdən CASCFEN bununla Ulu Öndər Heydər Əliyevin uşaqlara və gənclərə xüsusi dəyər verdiyini də bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmış oldu”.

H.Kılıç bildirib ki, konfransa dəvətlilərin və çıxışçıların da seçilməsində, necə deyərlər, zərgər dəqiqliyi ilə addım atılmışdı: “Konfransın əsas hissəsində və panel iclaslarında Ulu Öndər Heydər Əliyevin türk dünyası birliyinə gedən yolda göstərdiyi fəaliyyətin müxtəlif aspektlərinə nəzər salındı. Bu da olduqca uğurlu və düşünülmüş bir addım idi. Yəni hiss olunurdu ki, CASCFEN konfransın çıxışçılarını seçərkən bütün incəlikləri nəzərə alıb”.

Müsahibimiz onu da xüsusi olaraq vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti yalnız Azərbaycanla məhdudlaşmamışdır: “Konfransdakı çıxışlarda da vurğulandığı kimi bu fəaliyyət Azərbaycanın hüdudlarından kənarda, bütövlükdə türk dünyasında dərin izlər buraxmışdır. Təsadüfi deyildir ki, məhz bu fəaliyyət, dahi şəxsiyyətin sözügedən istiqamətdə gördüyü işlər az bir zamanda onu türk dünyasının danılmaz liderinə çevirmişdir. Öz növbəsində cənab Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi bu sahədə də əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasəti uğurla davam etdirir. Bu gün türk dünyası hər keçən gün daha da sıx şəkildə birləşir. Beləliklə bir daha bəyan edildi ki, bu gün özünün inkişaf dövrünü yaşayan türk dünyasının birliyinə aparan yolda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən reallaşdırılan siyasətin gələcək nəsillərə çatdırılması xüsusi önəm kəsb edir”.

Mission News Theme by Compete Themes.