BAYRAQDAR MEDİA – Qardaş Qazaxıstan rəqəmsal transformasiya və ekosistemin inkişafı sahəsində bizdən xeyli irəlidədir. Beynəlxalq statistikalar da bunu göstərir.
Amma elə sahələr var ki, biz onlardan xeyli irəlidəyik.
Baxıram ki, qazaxlar hələ indi “Rəqəmsal notariat”ı işə salıb, hələ indi etibarnamələri rəqəmsallaşdıra biliblər.
Bizdə isə elektron notariat neçə illər öncə, “Mobil notariat”ın ilk versiyası isə 2020-ci ildən aktivdir.
“Mobil notariat” Azərbaycanın ən faydalı və populyar rəqəmsal hökumət həllidir.
Hazırda isə onun az qala 4-cü versiyası aktivdir və burada xeyli sayda rəqəmsal ədliyyə xidməti əlçatandır.
Amma onu da qeyd edim ki, Qazaxıstanın mobil hökumət tətbiqində 27 xidmət tam rəqəmsallaşıb. Yəni orada telefonda göstərilən məlumatlar rəqəmsal sənəd statusuna malikdir.
Bizim eGov mobil tətbiqində olan məlumatlar isə sadəcə bir informasiyadır, hər hansı hüquqi əsası hələlik tam müəyyənləşməyib.
İRİA eGov mobil hökumət tətbiqinin yenidən qurulacağını, buradakı ən azı 5 xidmətlə bağlı məlumatın “rəqəmsal sənəd” statusu alacağını açıqlayıb.
Hələlik bunlar reallaşmayıb.
Yeri gəlmişkən, “Rəqəmsal notariat”la bağlı təqdimatı Qazaxıstanın ədliyyə qurumu Güney Asiyanın ən böyük innovasiya və texnologiya tədbiri olan DIGITAL BRIDGE2023 forumunda açıqlayıb.
Elə bizim İRİA rəsmiləri də bu tədbirə qatılmışdılar.
Tədbirdən sonra isə hansısa bir təhlil və müqayisə aparılmadan iki ölkəni müqayisə edərək Azərbaycanı “riskləri daim qiymətləndirərək çox diqqətli davranış” sərgiləyən ölkə olaraq xarakterizə etmişdilər.
Lakin göründüyü kimi, problemlərimizlə bərabər təqdim edə biləcəyimiz xeyli uğurlarımız da var.
Ümumiyyətlə düşünürəm ki, İRİA rəhbərliyi beynəlxalq tədbirlərdə təmsilçiliyə, ondan faydalanmağa daha ciddi diqqət yetirməlidir.
Bəzən müşahidə olunur ki, hansısa beynəlxalq tədbirə qatılanların içərisində İRİA rəsmiləri çoxluq təşkil edir, nəinki startaplar və ya digər ekosistem iştirakçıları.
Bu isə, yumşaq desək, doğru bir yanaşma deyil.