Son yeniləmə: 25 Oktyabr 2023 15:09
Prof. Dr. Ramazan Taşdurmaz: ötən 20 il ərzində xüsusi ustalılqla, zərgər dəqiqliyi ilə, addım-addım reallaşdırılan təmkinli, sülhsevər siyasət öz bəhrəsini verdi
BAYRAQDAR MEDİA – “Mən təxminən 30 il əvvəl, Azərbaycanın o kədərli, faciəli günlərində burada olmuşam. O günləri unutmaq mümkün deyil. Azərbaycanlı bacı-qardaşlarımızla həmrəyliyimizi ifadə etmək üçün həmin vaxt Türkiyədən bir qrup rektor bura səfər etdi. Mən də Niğde Universitetinin rektoru olaraq heyətdə idim”.
Bunu oktyabrın 19-da Bakıda keçirilən “Türk dünyasının birliyində Heydər Əliyev amili” adlı beynəlxalq konfransın xüsusi qonağı, Türkiyənin tanınmış elm adamı, Prof. Dr. Ramazan Taşdurmaz deyib.
O, qeyd edib ki, həmin dövrlər təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün ağrılı, faciəli günlər idi: “Biz qəhr olurduq, üzülürdük, torpaqların işğalı hər bir azərbaycanlı kimi bütün türk dünyasını mənən sıxırdı. Bu, Azərbaycan xalqına qarşı deyil, ümumilkdə türk dünyasına qarşı bir düşmənçilik idi. Ermənilər Azərbaycanın timsalında türk dünyasını hədəfə almışdılar. Lakin zaman dəyişdi və bu gün mən artıq qalib Azərbaycana səfər etmək xoşbəxtliyini yaşadım. Çəkinmədən deyirəm ki, əgər o məğlubiyyət bütün türk dünyasının məğlubiyyəti idisə, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki zəfəri də bütün türk dünyasının qələbəsidir”.
R.Taşdurmaz bu qələbənin əldə edilməsində Azərbaycan Prezidenti İlham Əliyevin rolunu, uğurunu xüsusi olaraq qeyd edib: “Bir məsələnin üzərində xüsusi olaraq dayanmağı vacib sayıram. Bu işğala son qoymaq üçün kifayət qədər ehtiyatlı, balanslı və ağıllı siyasət həyata keçrimək, zamanı gələndə real addım ataraq son nöqtəni qoymaq lazım idi. Bunu isə cənab İlham Əliyev ustalıqla bacardı. Ötən 20 il ərzində xüsusi ustalılqla, zərgər dəqiqliyi ilə, addım-addım reallaşdırılan təmkinli, sülhsevər siyasət öz bəhrəsini verdi. Son nəticədə də öncə 3 il əvvəl işğala son qoyuldu. Bu ilin sentyabrında isə bir günlük antiterror tədbirləri ilə Azərbaycanın bütün ərazisində dövlət suverenliyi bərpa edildi. Bununla da cənab İlham Əliyev “nəyi necə, nə vaxt etmək lazım olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi””.
Müsahibimiz qeyd edib ki, 2023-cü il sentyabrın 20-dəki antiterror tədbirləri, o cümlədən ondan sonra baş verən mühüm hadisələr, Xankəndi, Xocavənd və digər rayonların Azərbaycanın nəzarətinə keçməsi Prezident İlham Əliyevin həmin ərazilərdə Azərbaycan bayrağını ucaltması ümumilikdə türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir: “Bunu bir daha xüsusi olaraq vurğulamaq istəyirəm ki, bütün bunlar, misilsiz və tarixi uğurlar məhz Prezident İlham Əliyevin 20 illik idaərçiliyinin məntiqi nəticəsidir. Azərbaycan ordusunun bu misilsiz qəhrəmanlığı və cənab İlham Əliyevin dərin zəkası, düşünülmüş və ağıllı siyasəti ilə əldə edilən tarixi zəfər türk dünyasını yenidən şahlandırdı. Qeyd edim ki, bu siyasətin əsası da zamanında məhz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub”.