Press "Enter" to skip to content

Azərbaycan ÜST Regional Qiymətləndirmə Qrupuna üzv seçilib

Azərbaycan ÜST-ün qiymətləndirmə qrupunda

BAYRAQDAR MEDİA – Qardaş Qazaxıstanın paytaxtı Astanada Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin 73-cü sessiyası keçirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “Azərbaycanı sessiyada səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Sessiya çərçivəsində ÜST-nin Regional Qiymətləndirmə Qrupuna üzvlərin seçilməsi keçirilib. Keçirilən seçki nəticəsində Azərbaycan ÜST-nin Regional Qiymətləndirmə Qrupuna üzv seçilib. Azərbaycanın Regional Qiymətləndirmə Qrupuna üzv seçilməyi ÜST kimi nüfuzlu bir qurumla sıx və səmərəli əməkdaşlığının uğurlu nəticəsidir. Həmçinin bu, Azərbaycanın sözügedən təşkilatda qərarverici mövqeyini daha da möhkəmləndirir və gələcək fəaliyyət imkanlarını genişləndirir”.

Sonra xəbərdə, “bu Qrup ÜST-nin fəaliyyətinin qiymətləndirməsi ilə bağlı töhfələrini verir, qiymətləndirmə fəaliyyətinin yaxşılaşdırılması, nəticələrə görə məsuliyyətin artırılması və təşkilatın araşdırma işinin təşviqi sahəsində ÜST-də mühüm rol oynayır. Qrup qiymətləndirmə resurslarının istifadəsi zamanı əldə edilən nəticələrə görə, hesabatlılığı təmin etmək və təcrübələrin öyrənilməsini asanlaşdırmaq məqsədini də daşıyır. Bundan əlavə, Qrupun fəaliyyəti qərarların qəbuluna da təsir göstərir” deyə bildirilir.

Qeyd edək ki, ÜST-nin Avropa Regional Komitəsinə regional direktor vəzifəsinə namizədlərin qiymətləndirilməsi, meyarların müəyyən edilməsi və qısa siyahıya salınması da bu Qrup tərəfindən həyata keçirilir.

Mission News Theme by Compete Themes.