Son yeniləmə: 25 Oktyabr 2023 12:08
Hulusi Kılıç: Türkiyə-Azərbaycan qardaşlığından güc alan türk birliyi bundan sonra daha da güclənəcək, türk dünyası daha da qətiyyətli addımlarla öz sabahını özü müəyyən edəcək
BAYRAQDAR MEDİA – “Mən öncəki açıqlamalarımda da bunu demişəm. Son illər türk dünyasında bir dirçəliş, inteqrasiyanın daha da dərinləşməsi müşahidə olunur. Bu, özünü Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra daha geniş şəkildə büruzə verir. Çünki bu, təkcə Azərbaycanın deyil, bütün türk dünyasının zəfəridir. Bu zəfər türk dünyasının tarixində öz yerini daim qoruyacaq. Nəsillər dəyişəcək, amma türk dünyasında hər kəs bu zəfər barədə oxuyanda qürur duyacaq”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.
Keçmiş səfir bildirib ki, Azərbaycanın uğurları türk dünyasını daha da gücləndirir: “2023-cü ilin sentyabrında bu uğurlara daha biri əlavə edildi. Azərbaycan cəmi bir gün ərzində həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində bütün ərazisində süverenliyini bərpa etdi. Bu gün Xankəndidə Azərbaycan bayrağı dalğalanır. Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev oktyabrın 15-də Xankəndidə Azərbaycan bayrağını ucaltmaqla Azərbaycan xalqına tarixi qürur yaşadıb. Beləliklə, dediyim kimi, Azərbaycan əraziləri üzərində nəzarəti təmin və suverenliyini tam bərpa edib”.
H.Kılıçın sözlərinə görə, 15 oktyabr həm Azərbaycan, həm də bütövlükdə türk dünyasının tarixinə yazıldı: “Türkiyə-Azərbaycan qardaşlığından güc alan türk birliyi bundan sonra daha da güclənəcək, türk dünyası daha da qətiyyətli addımlarla öz sabahını özü müəyyən edəcək”.