BAYRAQDAR MEDİA – Oktyabrın 21-də İjevsk şəhərindəki Xalqlar Dostluğu Evində “Dostluq”- Udmurtiya Azərbaycan İctimai Mərkəzi regional ictimai təşkilatının 25 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib.
Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən qurumdan daxil olub.
Xəbərdə deyilir ki, “tədbirdə Azərbaycandan olan nümayəndə heyəti – Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Əli Baytalov, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti, Avrasiya Xalqları Assambleyası Baş katibinin müavini Rauf Zeyni, Azərbaycanın Rus İcmasının sədr müavini Anastasiya Lavrina, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı Oleq Qarin, Udmurtiya Respublikasının milli siyasət naziri Eduard Petrov, İjevsk şəhəri bələdiyyə rəhbəri Dmitri Çistyakov, “Batkovşina UR-da Belarus Mədəniyyəti Cəmiyyəti” Respublika ictimai təşkilatının sədri Nikolay Dmitreviç, Moskva, Tatarıstan Respublikası və Orenburq vilayəti azərbaycan icmalarının nümayəndələri və dövlət rəsmiləri iştirak ediblər”.
O da qeyd edilir ki, “eyni zamanda Udmurtiyanın dövlət və bələdiyyə orqanlarının nümayəndələri, diaspor nümayəndələri tədbirdə iştirak ediblər. Bundan başqa tədbirdə Moskva, Kirov, Orenburq, Perm vilayətlərinin, Naberejnıye Çelnı şəhərinin diaspor nümayəndələri, həmçinin Udmurtiya milli-mədəni birliklərinin rəhbərləri və digər fəxri qonaqlar təbrik nitqləri ilə çıxış ediblər”.
“Dostluq” Mərkəzinin sədri Zülfüqar Mirzəyev açılış nitqində deyib ki, “o, təşkilatın sədri seçildiyi andan millətlərarası münasibətlərin möhkəmlənməsinə həsr olunan 150-dən çox tədbir keçirilib, diaspor nümayəndələri Respublikanın ictimai həyatında layiqli yer tutur və Udmurtiyanın inkişafına mühüm töhfələr verir”.
Sonra təşkilatın 25 illik fəaliyyəti ilə bağlı sənədli film nümayiş olunub.
Əli Baytalov isə çıxışı zamanı gələcəkdə daha geniş, uğurlu işlərin, layihələrin həyata keçirilməsini arzulayıb. O, həmçinin gənclərin həyatda daha fəal olmaları barədə fikirlər səsləndirib.
Bildirilir ki, Zülfüqar Mirzəyev “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilib. Həmçinin təşkilatın fəal üzvləri və diaspor nümayəndələri Udmurtiya Respublikasında millətlərarası münasibətlərin möhkəmlənməsinə mühüm töhfələrə görə yüksək mükafatlarla təltif olunublar.
Bayram tədbirində Samara şəhərinin “Alpan” ansamblının ifasında Azərbaycan xalq melodiyaları səsləndirilib. Daha sonra məşhur “Buranovskiye babuşki” folklor qrupu və Respublikanın digər xalq kollektivləri və incəsənət ustaları çıxış ediblər.
Tədbir çərçivəsində, həmçinin Azərbaycan xalqının görkəmli lideri Heydər Əliyevin anadan olmasının yüzilliyinə həsr olunan dəyirmi masa da təşkil olunub.
Üç günlük səfər zamanı nümayəndə heyəti Udmurtiya Respublikasının milli siyasət naziri Eduard Petrov Stepanoviç, Rus Mədəniyyəti Cəmiyyətinin sədri Vitali Eduardoviç Tyulpin, həmçinin Rusiya Xarici İşlər Nazirliyinin Nijni Novqoroddakı Nümayəndəliyi İjevsk bölməsinin rəhbəri Gülnarə Mannanova və Əmək Resurslarının İnkişafı Departamenti, Udmurtiya Respublikası Sosial Siyasət və Əmək Nazirliyinin Miqrasiya və Əhalinin Məşğulluğunun Təmini idarəsinin rəis müavini Tatyana Rupasova ilə görüşüb.
Daha sonra nümayəndə heyəti İjevsk şəhərindəki Ustinovski polis idarəsinin divarında ucaldılmış əfsanəvi rayon polis zabiti Tofiq Kərimovun xatirə lövhəsinin önünə əkililər qoyub. Bundan başqa nümayəndələr Xalqlar Dostluğu Evinin çoxşaxəli fəaliyyəti ilə tanış olub, M.T.Kalaşnikov adına Muzey-Sərgi Kompleksini ziyarət ediblər.
Qeyd edək ki, Rusiya Federasiyası Udmurtiya Respublikasının İjevsk şəhərində fəaliyyət göstərən “Dostluq” – Udmurtiya Azərbaycan İctimai Mərkəzi regional ictimai təşkilat kimi 1998-ci ildə yaranıb. Təşkilat Udmurtiya Respublikasında yaşayan 15 mindən çox azərbaycanlını özündə birləşdirir. Mərkəzə 2014-cü ildən Zülfüqar Mirzəyev sədrlik edir.