BAYRAQDAR MEDİA – Astanada Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 73-cü sessiyası işinə başlayıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “sessiyada ÜST-nin Avropa regionunda ali idarəetmə orqanı olan Regional Komitənin 53 üzv dövlətinin səhiyyə nazirləri, digər yüksək vəzifəli rəsmiləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Azərbaycan sessiyada səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur. Tədbirdə Regional Komitəyə üzv dövlətlərdə insanların sağlamlığının qorunması, sanitar-gigiyenik şəraitinin yaxşılaşdırılması ilə bağlı fəaliyyət istiqamətləri və səhiyyə sahəsində bütün Avropa regionu qarşısında duran əsas problemlər müzakirə edilib”.
Sessiyanın açılışında ÜST-nin aş direktoru Dr. Tedros Adhanom Ghebreyesus və ÜST-nin Avropa Regional direktoru Hans Henri Kluge çıxış edib. Bildirilib ki, 2023-cü ildə ÜST-nin yaradılmasının 75 illiyi və İlkin Səhiyyə Xidməti (İSQ) üzrə Alma-Ata Bəyannaməsinin imzalanmasının 45 illiyi qeyd olunur. Buna görə də sessiyanın Avropa Regionunun sağlamlığı və rifahının təmin olunmasında irəliləyişləri müzakirə etmək, son 75 il ərzində ictimai səhiyyə sahəsində mühüm nailiyyətləri qeyd etmək, gələcək problemlərin həlli ilə bağlı təcrübə mübadilələrinin aparılması üçün əla fürsət olacaq.
Tədbirdə çıxış edən T.Musayev tədbir iştirakçılarını salamlayaraq bildirib ki, sağlamlığın təşviqi milli səviyyədə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və daha güclü səhiyyə sistemlərini qurmaq üçün mühüm əhəmiyyət kəsb edir. O vurğulayıb ki, fövqəladə hallara daha yaxşı hazırlıq və onun nəticələrinin vaxtında aradan qaldırılması davamlı qlobal səhiyyə infrastrukturunu tələb edir.
Oktyabrın 26-ı yekunlaşacaq tədbir panel sessiyalarda müxtəlif mövzular ətrafında müzakirələrə davam edəcək.
Regional Komitə, ÜST-nin Avropa regional bürosunun rəhbər və qərarverici orqanıdır. Onun sessiyası isə əhalinin sağlamlıq və rifah vəziyyətini yaxşılaşdırmaq məqsədini daşıyan strategiyaların müzakirəsi və təsdiqlənməsi məqsədilə hər il səhiyyə nazirlərini bir araya gətirən regionda ictimai sağlamlıq məsələləri üzrə əsas toplantıdır.