BAYRAQDAR MEDİA – 1999-cu ildə YUNESKO-nun təşəbbüsü ilə təsis edilmiş 22 Oktyabr – Beynəlxalq Məktəb Kitabxanaları Günü münasibəti ilə AMEA Mərkəzi Elmi Kitabxanasının rəhbər heyəti Bakı şəhəri, Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 295 nömrəli tam orta məktəbdə olublar, kitablar hədiyyə ediblər.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə deyilir ki, “məktəb kitabxanalarının fondlarının zənginləşməsi məqsədi ilə təşkil olunan görüşdə məktəbin direktoru Dilarə Cəbrayılova uşaqlarda dünyagörüşünün formalaşdırılmasında bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsinin önəmini vurğulayıb. Şagirdlərdə kiçik yaşlarından kitaba, mütaliəyə marağın artırılmasında məktəb kitabxanalarının rolundan danışan direktor dəyərli kitablara görə təşəkkürünü bildirib. Görüşdə MEK-in baş direktoru, Prof. Məmməd Əliyev öncə rəhbəri olduğu elmi kitabxana haqqında şagirdlərə ətraflı məlumat verib. Vurğulanıb ki, dövlət dəstəyi ilə orta məktəblərdə yaradılan şərait şagirdlərin mütaliə həvəsinin artırılmasına, onların bədii-estetik zövqünün inkişafına, mənəvi tərbiyəsinə müsbət təsir edir. Baş direktor şagirdləri bu fürsətdən düzgün yararlanmağa çağırıb və gələcəkdə Azərbaycana xidmət edə biləcək layiqli vətəndaş kimi yetişməyin yolunun da məhz buradan başlandığını deyib”.
Professor 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı möhtəşəm Zəfərdən sonra MEK-də Qarabağ müharibəsi qəhrəmanları fondunun fəaliyyətə başlamasını şagirdlərin diqqətinə çatdırıb və tarix fənnindən açıq dərslərdən birini məhz həmin fondda keçirməyi məktəb rəhbərliyinə təklif edib. Təklif böyük maraqla qarşılanıb.
Daha sonra MEK-in icraçı direktoru, Dos. Şəhla Tahirqızı sözün qüdrətini, söz ehtiyatının formalaşmasında kitabların əhəmiyyətini vurğulayaraq, şagirdlərlə kiçik viktorina keçirib.
Məktəb kitabxanasının direktoru Kəmalə Cəfərova Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə kitabxanalara göstərdiyi qayğı və bu missiyanın Prezident İlham Əliyev tərəfindən uğurlu davamından danışıb. O, həmçinin hədiyyə olunan kitabların məktəbin təlim – tədris işində əhəmiyyətli olacağına ümid etdiyini vurğulayıb.
Sonda şagirdlərin təqdimatında “Fənlərin alleqoriyası” adlı kompozisiyaya baxılıb.