BAYRAQDAR MEDİA – “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası” əməkdaşlarının müşayəti ilə Avropa Şurasının insan hüquqları komissarı Dunya Miyatoviçin başçılıq etdiyi nümayəndə heyəti Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”ndə olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “görüşdə “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın, “MTE və PA Birliyi”nin əməkdaşları, Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsinin əməkdaşları, həmçinin Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşların yaxınları da iştirak ediblər”.
Sözügedən Birliyin baş direktoru, Prof. Ədalət Həsənov D.Miyatoviçə və digər qonaqlara Birliyin Məhkəmə-tibbi Kriminalistika şöbəsi və şöbənin laboratoriyalarında aparılan işlər, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin sümük qalıqlarının ekspertizası barədə ətraflı məlumat verib.
Həmçinin D.Miyatoviç və nümayəndə heyətinin digər üzvləri tərəfindən Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşların yaxınları qəbul edilib, söhbətlər aparılıb.