Press "Enter" to skip to content

Rusiya Ukrayna savaşına ən azı 167 mlrd dollar xərcləyib

Dmitro Kuleba

BAYRAQDAR MEDİA – Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı başlatdığı və hələ də davam edən səbəbsiz müharibəyə 167 mlrd dollar civarında pul xərcləyib.

Bu rəqəmi Ukrayna xarici işlər naziri Dmitro Kuleba oktyabrın 23-də özünün sosial media hesabında açıqlayıb.

Nazir “Forbes Ukraine”ə istinadla yaydığı paylaşımda qeyd edir ki, sözügedən rəqəm 2022-ci ilin fevralından 2023-cü ilin avqust ayına qədərki müddəti əhatə edir. Bu başgicəlləndirici məbləğ birbaşa savaş xərcləri və itirilmiş silah-sursatı əhatə edir. Eyni zamanda hər həftə Kreml üçün heç bir dəyəri olmayan minlərlə Rusiya vətəndaşı da həlak olur.

Nazir müqayisə üçün qeyd edib ki, sözügedən məbləğə Rusiyada 24 min uşaq bağçası, yaxud da 4 min 500 doğum evi tikmək olardı. O, bildirib ki, eyni zamanda bu pulla 17 min məktəb, 1 min 300 xəstəxana tikmək də mümkündür. Ümumiyyətlə isə o pulla Rusiyanın bərbad yollarının ən azı 20 faizini bərpa etmək mümkün ola bilərdi.

Nazir daha sonra yazır ki, bütün bunların əvəzində Rusiya savaş suçluları Ukrayna uşaq bağçalarını, doğum evlərini, məktəb və xəstəxanalarını bombalayaraq ümumilikdə 120 min mülki strukturu məhv edib; o cümlədən bu yaxınlarda Xarkiv şəhərindəki Nova Poşta terminalını.

Nazirin paylaşımında bildirilir ki, Putin Rusiyası dünyanın 2-ci Dünya Savaşından sonra gördüyü ən iyrənc pislikdir.

“Rusiyanın Ukraynaya qarşı təcavüzü həmişə Kremlin seçim savaşı olub. Putin və digər Rusiya cinayətkarları öz cinayətlərinə görə ədalətlə üzləşməlidirlər. Onlar Ukraynadan rədd olmalı, başqa millətlərə ölüm və dağıntılar gətirmək yerinə öz xalqının problemlərinin həllinə köklənməlidirlər”, – deyə paylaşımda qeyd edilir.

Mission News Theme by Compete Themes.