Press "Enter" to skip to content

Pianoçunun Bakıda ikinci konserti olacaq

Ülviyyə Abdullayeva

BAYRAQDAR MEDİA – Noyabrın 3-ü saat 19:00-da YARAT Müasir İncəsənət Mərkəzində pianoçu Ülviyyə Abdullayeva Bakıda sayca ikinci konserti ilə çıxış edəcək.

Bu haqda YARAT-ın yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “o, öz doğma şəhərində müxtəlif əsərlərlə zənginləşdirilmiş yeni repertuarını təqdim edəcək. Konsert, Ü.Abdullayeva və ispaniyalı rəssam və heykəltəraş Nani Boronatın birgə layihəsinin davamı, eləcə də “CENTINELAS” (“Keşikçilər”) adlı genişmiqyaslı antropoloji-estetik tədqiqatın bir hissəsidir. Sözügedən layihə ispan ənənələrini Azərbaycan ənənələri ilə bir araya gətirir. Layihənin müəllifləri Qranadadakı (İspaniya) Əlhambra sarayı ilə Bakıdakı Şirvanşahlar sarayını, Aralıq dənizinin mədəniyyətlərinin ərazisini tam əhatə edən mədəni körpüsünün iki tərəfi kimi nəzərdən keçirirlər”.

Qeyd edək ki, 2022-ci ilin may ayında Münxendə (Haus des Deutschen Ostens) baş tutan ilk konsertdə N.Boronatın rəsm-heykəltəraşlıq səhnərafiyası Ü.Abdullayevanın musiqi proqramı ilə birlikdə təqdim olunub. Repertuara həm ispan bəstəkarları (Manuel de Falya, Enrike Qranados), həm də Azərbaycan bəstəkarlarının (Qara Qarayev, Oqtay Zülfüqarov, Günay Mirzəyeva) əsərləri daxil edilib.

Mission News Theme by Compete Themes.