Press "Enter" to skip to content

“ÖZÜNÜ SEV!” bu dəfə qədim Gəncədə

Lamiyə İsazadə gənclər üçün kitab imzalarkən

BAYRAQDAR MEDİA – “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Həyata pozitiv baxaq!” adlı layihə çərçivəsində növbəti tədbir Gəncədə keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Birlikdən daxil olub.

Xəbərdə qeyd edilir ki, layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir. Dörd aylıq layihə dünyanın və Azərbaycanın aktual mövzularından olan yeniyetmə və gənclərin intiharları ilə bağlıdır.

“Gəncləri özünə qəsd və intiharlardan çəkindirmək üçün bu layihə həyata keçirilir. Layihə çərçivəsində “ÖZÜNÜ SEV! İntihar çıxış yolu deyil!” adlı kitab çap olunub. Həmin kitablar təşkil olunan tədbirlərdə şagird və tələbələrə paylanılması üçün nəzərdə tutulub. Layihənin ilk tədbiri Bakıda, R.Əliyev adına 3 nömrəli tam orta məktəbdə yüz nəfərdən artıq şagirdin iştirakı ilə keçirilib”, – deyə xəbərdə bildirilir.

Daha sonra bildirilir ki, “layihənin yekun tədbiri Gəncə şəhərində – Gəncə Dövlət Universiteti nəzdində Regional Kollecdə yüz otuzdan artıq tələbənin iştirakı ilə keçirilib. Kollecdə gənclərlə görüşə teatrşünas-tənqidçi Anar Bürcəliyev, yazıçı-jurnalist İsmayıl Abbasov, psixoloqlar Günel MaarifqızıSevda Murquzova qatılıb”.

Tədbirdə qələbəlik olub
Tədbirdə qələbəlik olub

Birliyin sədri və layihə rəhbəri Lamiyə İsazadə giriş sözündə layihə və onun donoru, eyni zamanda çap olunan kitab haqqında tədbir iştirakçılarını məlumatlandırıb: “L.İsazadə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son illər intiharlarla bağlı apardığı tədqiqatların nəticəsi əsasında hazırladığı məlumatı iştirakçıların diqqətinə çatdırıb. Milli-mənəvi dəyərlərimizdə intiharın hər zaman yaxşı olmayan bir əməl kimi görüldüyünü, intiharın dini inancımızda günah, adətlərimizdə özünə qəsdin cəmiyyət tərəfindən zəiflik kimi qarşılanmağını tələbələrə açıqlayıb. Birliyin sədri onu da qeyd edib ki, qloballaşmanın, müxtəlif ölkələrin mədəniyyətlərinin inteqrasiyası cəmiyyətimizə müsbət nələrisə gətirdiyi kimi, təəssüf ki, intihar kimi mənfi halları da gətirir”.

Lamiyə İsazadə təqdimat zamanı
Lamiyə İsazadə təqdimat zamanı

“Tələbələrin, intihar nə deməkdir, intihar qərarını verən bir fərd hansı düşüncə mərhələlərindən keçir, intihara aparan yollar və dinamikası, intiharın yeniyetmələrdə, gənclərdə və yaşlılarda əsas səbəbləri, intihar bir çıxış yoludurmu, yaxın ətrafımızda intihar düşüncəsi olanlar varsa necə kömək edə bilərik kimi suallarını L.İsazadə və digər qonaqlar cavablandırıb. Tədbir diskussiya şəklində davam edib. Psixoloqlar gənclərlə geniş fikir mübadiləsi aparıb. Sonda isə iştirakçı tələbələrə “ÖZÜNÜ SEV” İntihar çıxış yolu deyil” adlı kitab müəllif tərəfindən imzalanaraq hədiyyə edilib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.