BAYRAQDAR MEDİA – Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə cari ilin 23-26 oktyabr günlərində qardaş Özbəkistanın Daşkənd və Xarəzm vilayətlərində “Azərbaycan mədəniyyəti və poeziyası həftəliyi” keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.
Xəbərdə qeyd edilir ki, ““Azərbaycan mədəniyyəti və poeziyası həftəliyi” çərçivəsində 23 oktyabrda Azərbaycanın Xalq şairi Vahid Əzizlə Özbəkistan Yazıçılar Birliyində görüş keçiriləcək, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetində “Müasir dövr Azərbaycan-Özbəkistan ədəbi əlaqələri” mövzusunda tədbir təşkil ediləcək. 24 oktyabrda Özbəkistan Sənət və Mədəniyyət İnstitutunda Azərbaycan poeziyası və musiqisinə həsr olunmuş ədəbi-bədii tədbir təşkil olunacaq. Oktyabrın 25-də isə Özbəkistanın Xarəzm vilayətində Urgənc Dövlət Universitetində tədbirlər davam edəcək, Azərbaycan poeziya nümayəndələri, incəsənət ustalarının iştirakı ilə ədəbi-bədii, musiqili tədbir keçiriləcək”.
Sonra xəbərdə, “AMM-nin təşkilatçılığı ilə Urgənc Dövlət Universitetində 1938-40-cı illərdə sözügedən Universitetin müəllimi olmuş azərbaycanlı yazıçı, ictimai xadim Yusif Vəzir Çəmənzəminlinin adına Azərbaycan – Özbəkistan dostluq mərkəzi yaradılmış və Xarəzm vilayətində keçiriləcək tədbirdə həmin mərkəzin açılışı olacaq. Mərkəzdə Azərbaycan-Özbəkistan dostluğu, dövlət başçıları İlham Əliyev və Şavkat Mirziyoyevin görüşləri, Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyəti, ədəbiyyatına dair müxtəlif sərgilər, guşələr təşkil olunacaq, Azərbaycana dair mini kitabxana və auditoriya fəaliyyət göstərəcək. 25 oktyabrda həm də Özbəkistanın Xarəzm vilayətinin Mərkəzi Konsert Sarayında Azərbaycan incəsənət ustalarının iştirakı ilə qala konsert keçiriləcək” deyə bildirilir”.
Tədbir çərçivəsində Özbəkistanın Xarəzm vilayətinin Urgənc və Xivə şəhərlərinin kitabxanalarına AMM-nin nəşrlərindən ibarət zəngin kitab kolleksiyası hədiyyə ediləcək.
Həmçinin onu da bildirək ki, AMM-nin təşəbbüsü ilə 2023-ci ildə Şuşa şəhəri ilə Özbəkistanın Xivə şəhəri arasında müqavilə imzalanıb.