BAYRAQDAR MEDİA – Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə cari ilin 23-26 oktyabr tarixlərində Özbəkistanın Daşkənd və Xarəzm vilayətlərində keçiriləcək “Azərbaycan mədəniyyəti və poeziyası həftəliyi” çərçivəsində Urgənc Dövlət Universitetində yaradılacaq “Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan-Özbəkistan dostluq mərkəzi”nə Azərbaycan tarixi, ədəbiyyatına dair zəngin kitab kolleksiyası hədiyyə ediləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.
Xəbərdə qeyd olunur ki, “Mərkəz iki ölkə arasında dostluq və əməkdaşlığı daha da genişləndirmək məqsədi ilə Özbəkistanın bir sıra aparıcı Universitetlərində (Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetində, Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunda, Səmərqənd, Nukus, Termiz Dövlət Universitetlərində habelə “Turon” Kitabxana-İnformasiya Mərkəzində və Özbəkistan Dövlət Konservatoriyasında) Azərbaycan ocaqları və mərkəzləri təşkil edib. Hədiyyə ediləcək nəşrlər arasında AMM-nin layihəsi ilə çap olunan nəşrlərdən özbək dilində böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinin xüsusi buraxılışı, “Vətən üçün can fəda edən qəhrəmanlar”, “Kitabi-Dədə Qorqud” dastanı, “Hophopnamə”, “Seyid Əzim Şirvani qəzəllləri”, kimi nəşrlər, monoqrafiyalar eləcə də “Günəşə çatar başım – Xurşidbanu Natəvan” “Mən həqiqətin səsiyəm – Əhməd Cavad”, “Əlişir Nəvainin hikmətləri”, “Azərbaycan və özbək atalar sözləri” kimi ikidilli nəşrlər, “Heydər Əliyev – 100 kəlam” adlı üçdilli nəşr, “Şuşa Türk dünyasının mədəniyyət paytaxtı” adlı 5 dilli ensiklopedik nəşrlər, habelə, Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyətinə dair kitablar da yer alıb”.
Bundan əlavə, yaradılacaq mərkəzdə Azərbaycan-Özbəkistan dostluğu, dövlət başçıları İlham Əliyev və Şavkat Mirziyoyevin görüşləri, müxtəlif sərgilər, guşələr təşkil olunacaq.